R.Mehdiyev–Ə.Kərimli şəbəkəsi: Azərbaycan dövlətinə qarşı gizli xəyanət sisteminin tarixi ifşası. VP rəsmisi Natəvan Arifqızının mövqeyi

Azərbaycan siyasi həyatının son gərgin onillikləri göstərdi ki, dövlətçilik üçün təhlükə təkcə xaricdən yönəlmir; bəzən ən zərərli təhdidlər dövlətin içində gizlədilmiş köhnə strukturlardan və radikal siyasi mərkəzlərin birləşməsindən qaynaqlanır. Vəhdət Partiyasının nümayəndəsi Natəvan Arifqızı son açıqlamasında Ramiz Mehdiyev və Əli Kərimlinin illərlə formalaşdırdığı iddia edilən gizli şəbəkəni “Azərbaycan dövlətinə qarşı qurulmuş sistemli xəyanət mexanizmi” kimi dəyərləndirərək bildirib ki, bu şəbəkənin bütün həlqələrinin tam ifşa olunması artıq siyasi yox, dövlətçilik məsuliyyətidir.

Natəvan Arifqızı sözlərinə görə, Mehdiyevin dövlət strukturları daxilində illərlə yığdığı gizli nüfuz dairələri və korrupsiya resursları, eləcə də Əli Kərimlinin radikal şəbəkələrinin psixoloji manipulyasiya metodları eyni strategiyanın elementləri olub: hakimiyyəti qeyri-legitim yolla ələ keçirmək, konstitusiya quruluşunu zəiflətmək və ölkədə xaos yaratmaq.

N.Arifqızı bildirib ki, bu ittifaq təsadüfi əməkdaşlıq deyildi, əksinə, uzun illər ərzində formalaşdırılmış gizli əlaqələr, siyasi manipulyasiya texnologiyaları və dövlətçi düşüncəyə qarşı yönəldilmiş zərərli ideoloji platforma üzərində qurulmuşdu. Radikal mühitin sosial şəbəkələrdə yaydığı “çevriliş olacaq”, “sistem dağılır” kimi mesajlar cəmiyyətin narahatlığını artırmaq, insanların psixoloji sabitliyini sarsıtmaq və ictimai fikirdə qeyri-müəyyənlik yaratmaq məqsədi daşıyırdı. Bu isə artıq adi siyasi mübarizə çərçivəsindən çıxır və milli təhlükəsizlik ölçülərinə daxil olur.

Vəhdət Partiyasının nümayəndəsi vurğulayıb ki, illər ərzində bu şəbəkə cəmiyyətin həssas qruplarını – tələbələri, işsizləri, sosial çətinliklərlə üzləşən insanları – öz siyasi ambisiyalarının vasitəsinə çevirib, onları manipulyasiya edib və dövlətə qarşı potensial təzyiq elementləri kimi istifadə etməyə çalışıb. Natəvan xanim bunu xalis xəyanət fəlsəfəsi adlandıraraq qeyd edib ki, bu tip fəaliyyətlər siyasi proses deyil, dövlətin mövcudluğuna təhdid yaradan təşkilatlanmış mexanizmdir.

Açıqlamada həmçinin vurğulanır ki, xarici xüsusi xidmət orqanları ilə gizli təmasların, bağlı görüşlərin və qeyri-rəsmi maliyyə kanallarının mövcudluğu bu şəbəkənin nə qədər dərinləşdiyini göstərir. Bu fəaliyyətlər Azərbaycanın milli təhlükəsizlik sisteminə qarşı yönəlmiş, dövlət institutlarına zərbə vurmağı hədəfləyən planların tərkib hissəsi idi.

Natəvan Arifqızı hesab edir ki, hazırda aparılan hüquqi proseslər dövlətin özünü təmizləmə mərhələsinin bir parçasıdır və bu prosesdə heç kəsə toxunulmazlıq təminatı olmamalıdır. Onun fikrincə, həm keçmiş yüksək vəzifəli şəxslər, həm də radikal siyasi qrupların rəhbərləri qanun qarşısında eyni məsuliyyəti daşımalıdır:

“Bu şəbəkənin bütün qolları açılmalı, iştirak edən hər kəs – istər keçmiş məmur, istər radikal siyasi rəhbər – qanun qarşısında cavab verməlidir. Azərbaycan dövləti artıq kiminsə ‘toxunulmazlıq’ statusu daşıdığı illərə qayıtmayacaq”.

Natəvan Arifqızı əlavə edib ki, ölkənin gələcəyi üçün təhlükə yaradan qalıq strukturların tam şəkildə ləğv edilməsi dövlətin sabitliyini və idarəetmə gücünü daha da möhkəmləndirəcək. Onun sözlərinə görə, bu proses yalnız keçmişin səhvlərini aradan qaldırmaq deyil, həm də gələcəkdə belə təhlükələrin yaranmasının qarşısını almaq məqsədi daşıyır.

“Məsələ odur ki, Azərbaycan dövləti bu gün daha güclüdür və bütün gizli şəbəkələri ifşa etməkdə qətiyyətlidir. Xəyanətə qarşı heç bir güzəşt olmamalıdır və olmayacaq”.

Comments are closed.

Tərcümə »