İnsanlıq əleyhinə cinayət törədənlərə “vəkil”lik etməyin, cənablar!

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə üzrə maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın və digər erməni separatçılarının, müharibə canilərinin barəsində cinayət işləri üzrə məhkəmə prosesi davam etdikcə erməni lobbisindən maliyyələşən liberal-qlobalist dairələrin Azərbaycana qarşı əsassız ittihamları, qaralama kampaniyaları da səngimək bilmir. ABŞ-ın bir qrup ermənipərəst senatorunun Bakıda ədalət məhkəməsinə cəlb edilmiş həmin erməni əsilli cinayətkarların müdafiəsinə qalxması da sözügedən qaralama kampaniyalarının tərkib hissəsidir.

Həmin ermənilər amerikalı senatorların iddia etdikləri kimi heç də sıradan mülki şəxslər və ya “hərbi əsir”lər deyil. Onlar Azərbaycan dövlətçiliyinə qarşı qanunsuz silahlı fəaliyyətlərə yol vermiş, konstitusiya quruluşunun əleyhinə çıxaraq ərazilərimizdə separatçılığın baş qaldırmasına dəstək vermiş və Azərbaycan xalqına qarşı kütləvi qətliamların, teraktların törədilməsində iştirak etmiş qatı cinayətkar şəxslərdir. Məhz buna görə də onlar beynəlxalq hüquqa və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb ediliblər. Amerikalı senatorların bu cür ağır cinayət əməlləri törətmiş şəxsləri ciddi-cəhdlə müdafiə etmələri absurddur və beynəlxalq hüquqa, ədalətə qarşı açıq şəkildə hörmətsizlikdir.

Həmin senatorlar çürük liberal-qlobalizm cərəyanının carçısı olan Bayden dövrünün törtöküntüləridir. Onlar Bayden administrasiyasının yürütdüyü ermənipərəst xəttə sadiqliklərini davam etdirərək bu gün ermənilərin özlərindən artıq erməniçilik edir və hazırkı ABŞ Prezidenti Donald Trampın kursuna zidd olaraq Cənubi Qafqazda gərginliyin davam etməsinə, Azərbaycan-Ermənistan normallaşma prosesinə mane olmağa çalışırlar. Demokrat Partiyasından olan bu senatorların qızışdırıcı bəyanatları birbaşa Ermənistanın revanşizmə təhrik edilməsinə hesablanıb. Onların təxribatçı çağırışları Azərbaycanın suveren məhkəmə proseslərinə açıq müdaxilə cəhdidir.

Lakin bu cür çağırışlar və təzyiqlər Azərbaycanı öz haqq yolundan döndərə bilməz. Azərbaycan qətiyyətli siyasi iradə nümayiş etdirərək bütün separatçıların və müharibə canilərinin tam ifşasına və layiqli cəzalarını almalarına nail olacaq. Separatçılara hər hansı güzəşt ola bilməz. Bu gün heç bir ölkə separatçıların nazıyla oynamır. Azərbaycan da separatçılığın kökünü qazımaq və öz suverenliyini, ərazi bütövlüyünü qorumaq ixtiyarına malikdir. Bu baxımdan ABŞ senatorlarının, fransalı ictimai xadimlərin, rusiyalı Z-blogerlərin erməni lobbisinin şirnikləndirmələri ilə Ruben Vardanyan, Araik Harutyunyan, Arkadi Qukasyan və s. kimi müharibə canilərini təmizə çıxarmaq, onları beynəlxalq ictimaiyyətə “əzabkeş” obrazında təqdim etmək cəhdləri əbəsdir.

Bu gün Bakı Hərbi Məhkəməsində mühakimə olunan şəxslərin “hərbi əsir” kateqoriyasına aid edilməsi əsla mümkün deyil. Onlar Ermənistan ordusunun əsgər və zabitləri deyillər ki, hərbi əsir sayılsınlar. Bu şəxslər məhz separatçılıq, terrorçuluq, təcavüzkarlıq, soyqırımları zəminində Azərbaycana qarşı çoxsaylı cinayətlər törədiblər. İnsanlıq əleyhinə cinayət törədənlərə “vəkil”lik etməyin, cənablar!

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »