Ramiz Mehdiyevlərin, Əli Kərimlilərin və onların yönətdikləri illeqal qüvvələrin erası bitmək üzrədir
Azərbaycanın hüquq-mühafizə orqanları ölkədə ictimai asayişin və sabitliyin qorunmasında, qanunçuluğun möhkəmləndirilməsi və dövlət təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynayır. Dövlətimizin güc strukturları milli maraqlarımıza qarşı yönələn istənilən təhdid və təhlükələri vaxtında önləmək, dəf etmək gücünə malikdir. Əminliklə deyə bilərik ki, bu gün qalib Azərbaycan dövləti öz müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü layiqincə qorumaqla yanaşı, həmçinin daxildə ictimai-siyasi sabitliyi qorumaq baxımından da kifayət qədər peşəkar və qətiyyətlidir. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Milli Şura” adlı təxribatçı siyasi qruplaşmanın üzvü, AXCP sədri Əli Kərimlinin və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin evlərində axtarış aparması və onları dindirməsi də məhz dövlət təhlükəsizliyi üçün yarana biləcək risklərin öncədən neytrallaşdırılmasına, aradan qaldırılmasına xidmət edir. 34 illik müstəqillik dövründə müxtəlif qüvvələr tərəfindən zaman-zaman Azərbaycanı hansısa kənar güclərin, böyük dövlətlərin təsiri altına salmaq və siyasi çevrilişə əl atmaq, hakimiyyəti qeyri-qanuni yollarla, zorakı üsullarla ələ keçirmək cəhdləri olub. Ancaq təhlükəsizlik qurumlarımız bütün çevriliş cəhdlərinin, təxribat və xəyanətlərin qarşısını qətiyyətlə almağa müvəffəq olub.
Dövlət Təhlükəsizliyi Xidmətinin Əli Kərimlinin evində axtarış aparması və onu dindirməsi də dövlət təhlükəsizliyi üçün yarana biləcək risklərin aradan qaldırılmasına xidmət edir. Bu addımlar Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq rəhbəri Ramiz Mehdiyev barəsində aparılan istintaq işi çərçivəsində həyata keçirilib. Vaxtilə “dövlət içində dövlət” yaratmağa cəhd göstərmiş “boz kardinal” Ramiz Mehdiyev ilə radikal müxalifətin lideri “titul”unu öz monopoliyası altına almış Əli Kərimli arasında əlaqələrin mövcudluğu artıq heç kimdə təəccüb doğurmur. Ramiz Mehdiyevin ev dustaqlığına məhkum edilməsi barədə qərar verildikdən və onun bütün məxfi əməlləri, siyasi hakimiyyəti ələ keçirmək planları, o cümlədən Rusiya rəhbərliyinə ünvanladığı qalmaqallı məktubu üzə çıxdıqdan sonra radikal müxalifətçilərin narahatqlıqları başladı. Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Fuad Qəhrəmalı və digər radikalların çıxışlarında, paylaşımlarında Ramiz Mehdiyevin bu və ya digər şəkildə müdafiəsinə yer verilirdi.
Əli Kərimli və onun idarə etdiyi qaragüruhun üzvləri siyasi hakimiyyətə gəlmək naminə hər şeyi, hətta milli mənafelərimizi, dövlət suverenliyimizi də qurban verməyə hazır olan xəyanətkar bir şəbəkədir. AXCP liderinin hələ 2000-ci illərin əvvəllərindən Ramiz Mehdiyevlə, Əli Həsənovla əlaqələri yaranmağa, gizli işbirliyi formalaşmağa başlayıb. Ramiz Mehdiyev özünün hakimiyyətdaxili mənafelərinin təmin edilməsində və eyni zamanda, Azərbaycanın “qeyri-demokratik” ölkə imicinin formalaşdırılması məqsədilə AXCP-dən maşa kimi istifadə edib. Elə həmin Ramiz Mehdiyevin “xeyir-dua”sı ilə Əli Kərimli, Cəmil Həsənli, Rüstəm İbrahimbəyov və digərləri Rusiyanın Azərbaycanda siyasi maraqlarının təmin olunması üçün “Milyarderlər İttifaqı”nın kirli oyunlarına qoşulmuş və “Milli Şura” adlı təxribatçı qurumu yaratmışdılar. Onların 2013-cü il prezident seçkiləri ərəfəsində Rusiya prezidenti Vladimir Putinə məktub yazıb Azərbaycanda hakimiyyətə gəlmək üçün onlara dəstək verməsini xahiş etməsi də bu adamların əsas məqsədlərinin hakimiyyəti qeyri-legitim üsullarla ələ keçirmək istəklərini təsdiqləyir.
Həmçinin Ramiz Mehdiyevin Rusiya rəhbərliyinə yazdığı məktubda da Azərbaycanda təşkil olunan siyasi təxribatlarda Ə.Kərimlidən istifadə edildiyi faktı qeyd olunub. Bu baxımdan Əli Kərimlinin evində aparılan axtarışlar zamanı Ramiz Mehdiyevin sözügedən məktubunun tapılması heç də təsadüfi deyil. Təkcə bu faktın özü onların arasında uzun illər ərzində sıx işbirliyinin mövcud olduğunu əyani şəkildə sübut etmək üçün kifayət edir. Və ən maraqlısı da budur ki, bugünləri ortada belə bir məktubun həqiqətən də movcud oldugunu Cəmil Həsənli də, digər “Milli Şura”çılar da çox yaxşı bilsələr də, ancaq onlar indi hər vəchlə bu faktı danmağa, necə deyərlər, qabaqdangəlmişlik edib özlərini suçsuz kimi göstərməyə çalışırlar. Məqsədləri də öz xəyanətkar, antimilli əməllərini ört-basdır etmək və bu yolla da məsuliyyətdən yaxa qurtarmaqdır.
Belə ki, “Milli Şura”nın sədri Cəmil Həsənli guya “qızının ailəvi tədbiri ilə bağlı” həyat yoldaşı ilə Dubaya getmək adı altında ötən gün Azərbaycandan qaçmağa cəhd göstərib. Lakin hava limanında ona ölkədən çıxış məhdudiyyətinin tətbiq edildiyini biləndən sonra geri dönməli olub, həyat yoldaşı isə ölkəni tərk edib. Beləliklə, “müdrik və tədbirli” professor Cəmil Həsənlinin istintaqdan yayınmaq üçün tələsik ölkəni tərk etmək istəyi boşa çıxıb. Cəmil Həsənli Ramiz Mehdiyevin cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilib. Bu arada Əli Kərimlinin və Cəmil Həsənlinin “Milli Şura”dakı “sadiq” silahdaşlarından biri sayılan Gültəkin Hacıbəyli də Türkiyədə saxlanılıb. Sabiq millət vəkilinin Azərbaycana deport ediləcəyi gözlənilir. Bu isə o deməkdir ki, bir müddət öncə ölkədən qaçdığını gizlətməyə çalışan Gültəkin Hacıbəylinin də tezliklə DTX tərəfindən dindiriləcəyi labüddür. Nə Cəmil Həsənli, nədəki Gültəkin Hacıbəyli iştirakçısı olduqları siyasi möhtəkirliklərin məsuliyyətindən qaça bilməzlər.
Əli Kərimlinin 2013-cü ildə Rusiyanın emissarı və vətəndaşı Rüstəm İbrahimbəyovu Azərbaycanın “demokratik müxalifət”inin vahid namizədi kimi ortaya atması və eləcə də “Xamenei rəhbərimizdir” deyən Taleh Bağırzadə adlı İran casusunu az qala “Milli Şura”nın siyasi simvoluna çevirməsi Vətənə, Dövlətə xəyanətin açıq nümunələridir. Odur ki, Ramiz Mehdiyevlə bağlı aparılan istintaq prosesi çərçivəsində istər Əli Kərimlinin, istərsə də yad qüvvələrin maraqlarına xidmət edən bütün “beşinci kolon” üzvlərinin anti-Azərbaycan fəaliyyətlərinə hüquqi və siyasi qiymət veriləcək. AXCP və “Milli Şura”nın rəhbərlərinin kirli siyasi oyunlarının hesabatını vermək vaxtı gəlib çatıb. Ramiz mehdiyevlərin, əli kərimlilərin və onların yönətdikləri illeqal qüvvələrin erası bitmək üzrədir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.