Ceyhun Bayramov: Ermənistanın bunu başa düşəcəyini gözləyirik
Ceyhun Bayramov: Ermənistanın bunu başa düşəcəyini gözləyirik
Zəngəzur dəhlizinin açılması çox önəmlidir. Üçtərəfli Bəyanata əsasən, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında yol açılacaq. Bu, həm də Türkiyə ilə Azərbaycan arasında birbaşa əlaqənin yaradılması deməkdir. Bu, ölkələrimiz üçün çox vacibdir. Bu yolun açılması ilə Türkiyə və Azərbaycan əlavə üstünlüklər qazanacaq. Bizim Türkiyə vasitəsilə Avropa bazarına çıxmaq imkanımız olacaq. Eynilə Türkiyənin də Azərbaycan ərazisindən Orta Asiyaya çıxmaq imkanı yaranacaq. Bu, həm Ermənistanın, həm də regionun digər ölkələrinin xeyrinə olan layihədir. Ermənistanın bunu başa düşəcəyini və çox konstruktiv addımlar atacağını gözləyirik.
İctimairey.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Anadolu agentliyinə müsahibəsində bildirib.
Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılışı üçün işlərin başlandığını deyən C.Bayramov qeyd edib: “İşlərə artıq başlanılıb. İndi dəmir və avtomobil yollarını birlikdə təşkil etmək lazımdır. Sovet dövründən qalan quru yolları var idi. Lakin Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalından sonra həm işğal olunmuş bölgədə, həm də Ermənistan ərazisindən keçən hissədə yol infrastrukturu tamamilə dağıdılıb. Bu il Azərbaycan öz ərazisində qalmış yolun yenidən qurulmasına başlayıb. Üçtərəfli Bəyanatın bütün maddələri həyata keçirilsə, işin yalnız kiçik bir hissəsi qalacaq. Onun həyata keçirilməsi çox vaxt tələb etməyəcək. Ona görə də dəhlizin nə zaman açılacağını demək mənim üçün çətindir, amma işlər davam edir”.