Milli həmrəyliyin nümunəsi: Rasul Quliyevin ailə üzvləri Azərbaycana səfər etdilər

Bu gün Gələcək Azərbaycan Partiyasının fəxri üzvü, Azərbaycan Respublikası Milli Məclisinin ilk sədri, tanınmış dövlət xadimi Rasul Quliyevin ailə üzvləri 30 ildən sonra ilk dəfə olaraq Azərbaycana səfər ediblər.

İctimai Rəy xəbər verir ki, A.Şakiroğlunun bildiriyinə görə, “səfərin ilk günü ölkənin tarixi yaddaşını əks etdirən önəmli məkanlara ziyarətlə başlayıb. İlk olaraq Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin, görkəmli alim Zərifə xanım Əliyevanın və digər dövlət və ictimai xadimlərin xatirəsi ehtiramla yad olunub. Ardınca Şəhidlər Xiyabanı ziyarət edilərək, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin məzarları önünə gül dəstələri qoyulub.

Səfər proqramı çərçivəsində qarşıdakı günlərdə bir sıra önəmli tədbirlər və görüşlər planlaşdırılıb. Bunlar sırasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş Qarabağ torpaqlarına səfər də xüsusi yer tutur.

Heç şübhəsiz ki, bu səfər 2020-ci ildən etibarən ölkəmizdə formalaşan və uğurla davam edən sağlam iqtidar-müxalifət münasibətlərinin, siyasi dialoq mühitinin əyani göstəricisidir. Bu, həm də Azərbaycanın artan siyasi mədəniyyətinin və milli həmrəyliyinin təzahürüdür.

Gələcək Azərbaycan Partiyasının sədri olaraq, bu səfərin reallaşmasına göstərilən dəstəyə görə başda cənab Prezident İlham Əliyev və hörmətli Birinci vitse-prezident Mehriban Əliyeva olmaqla, hər kəsə dərin təşəkkürümüzü bildiririk”

Comments are closed.

Tərcümə »