Prezident İlham Əliyevdən Tarixi Təklif: Türk Dövlətlərinin Birgə Hərbi Təlimi 2026-cı ildə Azərbaycanda

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün Azərbaycanın füsunkar məkanlarından biri olan Qəbələ şəhərində keçirilməsi dövlətimiz və xalqımız adına həqiqətən də olduqca qürurverici hadisədir. Şuşa, Laçın, Xankəndinin ardınca Azərbaycanın digər şəhərlərinin də belə tarixi əhəmiyyətli tədbirlərə, beynəlxalq toplantılara ev sahibliyi etməsi artıq ənənə halını alır. Yeri gəlmişkən, 16 il öncə TDT-nin təməli də məhz Azərbaycanın tarixi paytaxtlarından biri olan Naxçıvan şəhərində qoyulub. Bu gün Qəbələ şəhərinin TDT-nin növbəti Zirvə toplantısına ev sahibliyi etməsi Azərbaycanın daha bir uğurudur. Belə gözəl bir şəhərimizin bütün Türk dünyasının liderlərinin sammitinə ev sahibliyi etməsi, necə deyərlər, Qəbələnin tarixi haqqıdır.

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün açılış çıxışında qonaqlara “Azərbaycanın qədim şəhəri olan Qəbələyə xoş gəlmisiniz” deyərək onları salamlaması və Qəbələni geniş coğrafiyanı əhatə edən, eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş və eramızın VIII əsrinə qədər mövcud olmuş Qafqaz Albaniyasının paytaxtı kimi təqdim etməsi həqiqətən də şox uğurlu təqdimat oldu. Dövlətimizin başçısı qeyd etdi ki, bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Bu, olduqca mühüm məqamdır. Çünki bu gün dünyada baş verən böyük geosiyasi dəyişikliklər bütün coğrafiyalara və ölkələrə təsir etdiyi kimi, Türk dünyasına da çox ciddi təsir edir. Lakin sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının (TDT) getdikcə daha da institusionallaşması və daha koordinasiyalı fəaliyyət göstərməsi bizi dünyadakı dərin geosiyasi təlatümlərə, iqtisadi böhranlara qarşı daha dayanıqlı edir.

Dünyada yaşanan qlobal xaos fonunda türk dövlətləri arasında əməkdaşlığın getdikcə daha da genişlənməsi və inteqrasiyanın möhkəmlənməsi Türk Dövlətlər Təşkilatını da beynəlxalq proseslərin önəmli aktorlarından birinə çevirir. Dünyada cərəyan edən geosiyasi hərcmərcliyə və iqtisadi çalxalanmalara baxmayaraq türk dövlətlərinin getdikcə daha sıx birləşməsi yeni dünya nizamının formalaşmasına da ciddi təsir göstərir. Türk Dövlətləri Təşkilatının xəttilə nəhəng bir coğrafiyada – Avrasiyada sülh, sabitlik, təhlükəsizlik və davamlı inkişaf arealının yaradılması yeni dünya nizamının formalaşdırılmasında müsbət rol oynayır. Beləliklə, türk dövlətlərinin sıx birliyi həm Türk dünyasının özü üçün, həm də planetimiz üçün həlledici amillərdən birinə çevrilir.

Prezident İlham Əliyev də məhz bu məqamı nəzərdə tutaraq TDT-nin beynəlxalq səviyyədə nüfuzunun artmasının məmnunluq doğurduğunu vurğuladı və qeyd etdi ki, “ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir”. Beləliklə, Azərbaycan Prezidenti növbəti dəfə Türk dünyasının bizim ümumi ailəmiz olduğunu bütün dünyaya bəyan etdi. Bu gün BMT də daxil olmaqla, bütün beynəlxalq qurumlara inamın sarsıldığı bir dövrdə TDT üzvləri arasında qardaşlıq və qarşılıqlı etimad əsasında qurulan əməkdaşlıq əlaqələrinin artan dinamikası qürur mənbəyimiz olmaqla yanaşı, həm də gələcəyə daha dərin ümid hissilə baxmağımız üçün möhkəm zəmin yaradır.

Ortaq dil, tarix və ənənələrə söykənən, tarixi Naxçıvan Sazişi ilə təməli qoyulan Türk Dövlətləri Təşkilatı çərçivəsində hazırda siyasi, iqtisadi və mədəni istiqamətlər üzrə 35-dən çox sahədə əməkdaşlıq inkişaf etməkdədir. Əməkdaşlığımızın daha məzmunlu və dayanıqlı xarakter alması üçün iqtisadi əlaqələr də getdikcə gücləndirilir və TDT üzvləri arasında qarşılıqlı sərmayə qoyuluşlarının həcmi artırılır, ticarət inkişaf etdirilir. TDT-na üzv dövlətlərin coğrafi baxımdan təbii nəqliyyat, logistika, tranzit xətlərini təşkil edərək, Avropa və Asiya qitələri arasında körpü rolunu oynaması da Türk dünyasının gələcək birliyi və inkişafı üçün əlavə üstünlüklər yaradır. Türk dünyası dövlətlərinin iqtisadiyyatını, infrastrukturunu, texnologiyasını, müdafiə potensialını, əsas xidmətlərini inkişaf etdirməsi və sənaye infrastrukturunu daha da yaxşılaşdırması ayrı-ayrılıqda hər bir türk dövlətinin güclənməsinə yol açdığı kimi, həm də bütövlükdə TDT-nin daha güclü birliyə çevrilməsinə zəmin yaradır.

Cənab Prezident öz çıxışında türk dövlətlərində hökm sürən daxili siyasi və iqtisadi sabitliyin, əhəmiyyətli geostrateji mövqenin, müsbət demoqrafiya və gənc əhalinin, nəqliyyat-logistika sahəsində böyük imkanların, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensialın TDT-ni qlobal arenada vacib aktora çevirdiyini bildirdi. Eyni zamanda, dövlətimizin başçısı türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin olduqca vacibliyini Zirvə toplantısının iştirakçılarının diqqətinə çatdırdı: “Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir. Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir”.

Dövlətimizin başçısı sülh və təhlükəsizliyin hər bir türk dövlətinin inkişafı üçün əsas amil və bugünkü təlatümlü dünyada hərbi gücün hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas zəmanətçisi olduğunu vurğulayaraq olduqca önəmli bir təklif irəli sürdü. Belə ki, Prezident İlham Əliyev ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təliminin keçirilməsini təklif etdi. Prezidentimizin birgə hərbi təlimlə bağlı təklifi TDT-nin hərbi perspektivlərinə də yol açır. Bu isə TDT-ni bütün dünyada sanballı qurumlardan birinə çevirəcək.

Prezident İlham Əliyevin öz ənənəsinə sadiq qalaraq Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatarı növbəti dəfə TDT-nin Zirvə toplantısına dəvət etməsi də Azərbaycanın Türk dünyasının birliyinə tarixi töhfəsidir. Bu, Azərbaycanın və Azərbaycanın simasında TDT-nin digər üzvlərinin, bütün Türk dünyasının Kipr türklərini tək qoymadıqlarının göstəricisidir. Azərbaycanın bu davranışının gələcəkdə digər türk dövlətlərinin də Şimali Kipr Türk Respublikasına daha isti münasibət sərgiləməsinə təkan verəcəyinə inanırıq. Türk dünyasının birlik və həmrəylik ruhunu möhkəmləndirən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə toplantısı bir daha göstərdi ki, Şimali Kipr Türk Cümhuriyyəti öz kökləri, inancı və mübarizəsi ilə həqiqətən də Türk dünyasının ayrılmaz bir parçasıdır, Azərbaycan isə Türk dünyasının inteqrasiyası prosesində aparıcı rol oynayır.

Zirvə toplantısında iştirak edən Macarıstanın Baş naziri Viktor Orban ın öz çıxışında “Bu gün burada Avropada olmayan dəyərləri – sülhü, sakitliyi və qanunsuz miqrasiyanın olmamasını gördüm”,- deyə çox mühüm açıqlama ilə çıxış etməsi heç də təsadüfi deyil. Ortaq ağıl, ortaq siyasət və paylaşdığımız ortaq dəyərlər həqiqətən də Türk dünyasının xeyrinə fərqli bir üstünlük yaradır və bütün bunlar da öz növbəsində Türk birliyini daha da gücləndirəcək və onu zirvəyə daşıyacaq. Türküstan (Mərkəzi Asiya) və Cənubi Qafqazı bir-birinə bağlayan Türk dünyasının böyük potensialı və parlaq gələcəyi var. Biz gələcəkdə xarici təhdidlərə və dünya böhranlarına qarşı daha dayanıqlı olan Türk dünyasının formalaşmasına şahidlik edəcəyik.

Azərbaycanın Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da artması, üzv və müşahidəçi ölkələr arasında əməkdaşlığın gücləndirilməsi işinə verdiyi dəstək isə bundan sonra da davam edəcək. Dövlətimizin başçısının vurğuladığı kimi Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşünün nəticələri Türk dünyasında dostluq, həmrəylik və tərəfdaşlığın möhkəmləndirilməsi işinə böyük töhfə verəcək.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »