Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.
“Report”un turnirə ezam olunan əməkdaşının məlumatına görə, Zeyd Ələsgərov (60 kq) iki rəqibinə qalib gələrək bu raunda yüksəlib.
Röyal Qayıbov (60 kq) 1/32 finalda uduzub. Nərmin Ağamirzəzadə (48 kq) 1/16 finala təsadüf edən ilk görüşdə yenilib.
Yarışa 1/32 finaldan start verən Aysun Məmmədova (52 kq) və Leyla Ələkbərova (48) 1/8 finalda məğlubiyyətlə barışmalı olublar.
Qeyd edək ki, ötən gün Azərbaycanın altı cüdoçusu mübarizəyə qoşulub. Onlardan Anar Quliyev (50 kq) bürünc medal əldə edib.
Turnirdə fərdi mübarizə avqustun 30-da bitəcək. Avqustun 31-də isə qarışıq komanda yarışı baş tutacaq.
Comments are closed.