Azərbaycanın Suriyadakı səfirliyi Şeyx Nəsiminin Hələbdəki türbəsinin bərpa olunmasında bilavasitə iştirak edə bilər

Məzarı Suriya Ərəb Respublikasının Hələb şəhərində yerləşən böyük şair və mütəfəkkirimiz İmadəddin Nəsiminin nəşinin Azərbaycana gətirilməsi məsələsinin yenidən gündəmə gəlməsi, məncə də, tamamilə yersiz təşəbbüsdür. Neçə illərdir hərbi münaqişənin davam etdiyi şəhərdə və Nəsiminin də məzarının İŞİD-çi vandallar tərəfindən dağıntılara məruz qaldığı bir dönəmdə bu məsələ həqiqətən də önəmli və aktual idi. Ancaq indi həmin o qaranlıq dönəm arxada qalıb, Suriyada vətəndaş müharibəsi artıq başa çatıb. Və bu gün Hələb şəhəri yavaş-yavaş bərpa olunmağa başlayır.

Hələbin bərpasında və müharibədən əziyyət çəkən insanlara, o cümlədən Suriya türkmanlarına humanitar yardımların göstərilməsində Azərbaycan və Türkiyə də yaxından iştirak edir. Hələb də türkman şəhəridir. Yəni ki, Nəsiminin ruhu üçün Hələb yad yox, doğma şəhərdir. Bu baxımdan Azərbaycanın Suriyadakı səfirliyi Şeyx Nəsiminin Hələbdəki türbəsinin bərpa olunmasında bilavasitə iştirak edə bilər.

Nəsimi irsinin təbliği üçün Azərbaycan və Türkiyənin müvafiq qurumları tərəfindən birgə layihələrin həyata keçirilməsi də mümkündür. Nəsiminin Hələbdə dolaşan ruhu oradakı türkmanların bir araya gəlməsində və milli identikliklərini qoruyub saxlamalarında önəmli rol oynayır. Ona görə də Azərbaycana qarşı isti, doğma münasibət bəsləyən türkmanları onların and yerindən, birlik və həmrəylik mənbəyindən məhrum etmək lazım deyil.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »