Azərbaycan Türk dünyasına daxil olan dövlətlər arasında əməkdaşlığa hər zaman xüsusi önəm verib və türk dövlətləri arasında qarşılıqlı əlaqələrin genişlənməsinə öz dəstəyini heç vaxt əsirgəməyib. Çünki Prezident İlham Əliyevin bəyan etdiyi kimi Türk dünyası bizim ümumi ailəmizdir. Bu baxımdan rəsmi Bakı Türk Dövlətləri Təşkilatının (TDT) da daha güclü olması üçün hər zaman əlindən gələni edib. Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də Türkmənistana işgüzar səfərə getməsi və Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderləri arasında keçirilən yüksəksəviyyəli görüşün nəticələri isə həm ikitərəfli əlaqələrin, həm də üçtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanat zamanı səsləndirilən fikirlər də bu üç türk dövləti arasında yeni əməkdaşlıq mərhələsinin başlanmasından xəbər verir. Bu mühüm məqamı Prezident İlham Əliyev də öz çıxışında ayrıca vurğuladı. Dövlətimizin başçısı Azərbaycan, Türkmənistan və Özbəkistan arasında üçtərəfli əməkdaşlıq formatının yaradılması ilə bağlı razılığın əldə edilməsini tarixi hadisə kimi qiymətləndirdi və qürur hissilə qeyd etdi ki, bu gün bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır.
Bu o deməkdir ki, qarşılıqlı əlaqələrdə tamamilə yeni səhifə açılır və beləliklə, Türk dünyasının daha da yaxınlaşması, güclənməsi üçün yeni imkanlar yaranır. Bakı, Türkmənbaşı və Daşkəndin yaratdığı bu yeni format Türk Dövlətləri Təşkilatınının çərçivəsinə aid olmasa da, lakin onun daha da güclənməsinə təkan verən bir təşəbbüs kimi olduqca əhəmiyyətlidir. Bununla yanaşı, qeyri-rəsmi “Avrasiya üçbucağı” adlandırılan bu format bölgədə regional güc balansına və enerji siyasətinə ciddi təsir göstərmək imkanlarına görə də xüsusi diqqət çəkir. Bu baxımdan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən, qlobal ticarət yollarının tranzit-logistika imkanlarını öz əllərində cəmləyən üç türk dövlətinin liderlərinin yüksəksəviyyəli görüşünün baş tutması təkcə daxili məsələ deyil, həm də böyük geosiyasi əhəmiyyəti olan tarixi hadisədir. Çünki qeyd etdiyimiz kimi Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi birləşdirən, Avropa ilə Çin arasında ən optimal ticarət əlaqələrinə imkan verən nəqliyyat-logistika sistemlərinə malik olmaları ilə mühüm geoiqtisadi və geostrateji mövqeyə sahibdir.
Azərbaycan, Türkmənistan və Özbəkistan liderləri arasında ilk dəfə üçtərəfli formatda zirvə görüşünün keçirilməsi olduqca önəmli hadisədir. Bu zirvə görüşündə iqtisadi və ticarət əməkdaşlığı, nəqliyyat və kommunikasiya, enerji sektorunda əməkdaşlıq, humanitar məsələlərin geniş müzakirə edilməsi onu göstərir ki, Cənubi Qafqaz və Mərkəzi Asiyanın açar ölkələri sayılan Azərbaycan, Türkmənistan və Özbəkistan regionda geostrateji inteqrasiya və iqtisadi əməkdaşlıq üçün birgə planların icrasına başlayırlar. Yüksəksəviyyəli görüş zamanı imzalanan sənədlər regionda nəqliyyat-logistika infrastrukturlarının və tranzit imkanlarının artırılması, enerji və humanitar layihələrin genişləndirilməsini nəzərdə tutur.
Bu görüş çoxtərəfli münasibətlər baxımından həqiqətən də tarixi əhəmiyyət daşıyır. Danışıqlar çərçivəsində üç türk ölkəsi arasında əməkdaşlığın müxtəlif aspektlərinin, çoxtərəfli qarşılıqlı fəaliyyət məsələlərinin – xüsusən də siyasi-iqtisadi, mədəni-humanitar sahələrdə məsələlərin geniş müzakirə edilməsi tərəflərin bir-birinə daha da yaxınlaşmasına təkan verəcək. Bu gün Azərbaycan, Türkmənistan və Özbəkistan açıq dialoq aparır, əməkdaşlığı dərinləşdirir və beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT-də bir-birinin təşəbbüslərini sıx dəstəkləyir. Dialoq bərabərhüquqlu əsasda, təkcə üçtərəfli formatda deyil, həm də sülhün və sabitliyin möhkəmlənməsi məqsədilə bütün region çərçivəsində aparılır.
Azərbaycan–Türkmənistan–Özbəkistan yüksəksəviyyəli görüşünün
ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə, dayanıqlı ticarət, nəqliyyat və energetika dəhlizlərinin yaradılmasına, həmçinin regional inteqrasiya proseslərinin sürətlənməsinə təkan vermək baxımından tarixi əhəmiyyət daşıyır. Bu zirvə toplantısı qardaş xalqların ortaq maraqları naminə strateji tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş möhkəm siyasi iradəni əyani şəkildə nümayiş etdirdi. Coğrafi mövqeyi, iqtisadiyyat və nəqliyyat-kommunikasiya üzrə qarşılıqlı əlaqələri nəzərə alsaq görərik ki, belə bir üçtərəfli əməkdaşlıq formatı hamımız üçün faydalı olacaq.
Bu formatın əsasının qoyulması həm də mürəkkəb qlobal siyasi proseslər və dəyişkən dünyanın iqtisadi konyunkturası şəraitində dayanıqlı inkişafın təmin olunmasına yönəlib. Ona görə də hər üç ölkənin müvafiq dövlət qurumlarına üçtərəfli əməkdaşlıq formatının yaradılması ilə bağlı konkret göstərişlərin verilməsi tezliklə öz müsbət nəticələrini verəcək. Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin təməlini qoyduqları “Avrasiya üçbucağı” mühüm geoiqtisadi aktora çevriləcək. Rusiya və İran kimi ölkələrin bölgədə destruktiv fəaliyyətlərini genişləndirməyə çalışdığı, habelə ABŞ, Avropa İttifaqı və Çinin bölgəyə təsir imkanlarını artırdığı bir zamanda Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin bir araya gəlib üçtərəfli formatda keçirdikləri sammitdə mühüm qərarlar qəbul etməsi regional əməkdaşlığı gücləndirməklə yanaşı, Türk dünyasının daha sıx inteqrasiyasına da təkan verəcək. Böyük güclərin dünyada xaos yaratdığı bir məqamda böyük gücə çevrilmək qaçılmaz zərurətdir. Türk dünyasının gücü türk dövlətləri arasındakı birlik və həmrəyliyə əsaslanır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.