Kiyevlə artan diplomatik təmaslar – Bakının məqsədi…

Rusiya daha bir enerji obyektimizə hücum etdi; Ukrayna ilə əlaqələr Azərbaycan üçün hansı risklər yaradır? – reaksiya

Azərbaycanın və Ukraynanın xarici işlər nazirləri Ceyhun Bayramov və Andrey Sibiqa arasında telefon danışığı olub.  Sibiqa Azərbaycan və ABŞ arasında əldə olunan razılaşmalara, habelə Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri zamanı əldə olunan Ermənistanla münasibətlərin normallaşdırılması prosesində əldə olunan irəliləyişlərə görə Bakını təbrik edib. Bayramov və Sibiqa Azərbaycan və Ukrayna arasında tərəfdaşlığın aktual məsələlərini, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Tərəflər ikitərəfli əlaqələrin inkişafında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın rolunu qeyd ediblər.

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri humanitar yardıma və münaqişədən zərər çəkmiş ərazilərin bərpasında dəstəyə görə Azərbaycana təşəkkür edib. Sibiqa Bayramova Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqlar prosesi barədə də məlumat verib.

Ukrayna tərəfinin məlumatında deyilir ki, Sibiqa Ceyhun Bayramovla söhbətində Rusiyanın SOCAR obyektlərinə və Orlivka qazölçən stansiyasına zərbələr endirməsinin məqsədli və qəbuledilməz olduğunu vurğulayıb.

“Yeni Müsavat” xatırladır ki, Moskva-Bakı gərginliyi fonunda Azərbaycan-Ukrayna diplomatik münasibətlərdə canlanma nəzərə çarpır. Son olaraq  Azərbaycanın Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutduğu elektrik avadanlıqlarından ibarət yükün növbəti hissəsi Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

Məlumata görə, humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, həmçinin 25 ədəd generator və 7 dəst transformator daxildir. Ukraynada davam edən müharibədən zərər görmüş bölgələrin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək məqsədilə göndərilən bu avadanlıqların ilk hissəsi 10 yük avtomobilindən ibarət karvanla yola salınıb.

Azərbaycanın Ukraynaya göstərdiyi ümumi humanitar dəstək, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların ümumi dəyəri artıq 44 milyon ABŞ dollarını keçib. Ötən həftə Caliber.az saytı  belə bir məlumat yaymışdı ki, Rusiya Azərbaycanın maraqlarına qarşı təcavüzkar siyasətini davam etdirərsə, rəsmi Bakı Ukraynaya öz arsenalında olan silah-sursat tədarükünə qoyulan embarqonun ləğv edilməsi məsələsini nəzərdən keçirməyə başlayacaq.

Rusiya XİN-in nümayəndəsi Aleksey Fadeev brifinqdə deyib ki, azərbaycanlı tərəfdaşlara Ukraynaya silah-sursat və yaxud ikili təyinatlı humanitar yardımın göndərilməsi məsələsində  Moskvanın mövqeyi yaxşı məlumdur.

Rusiyalı diplomat qeyd edib ki, “bu addımlar dinc nizamlanmaya töhfə vermir və vəziyyəti daha da çətinləşdirir”. Rusiya tərəfi son aylar bəyan edib ki,  Kiyev Rusiya-Azərbaycan münasibətlərini məqsədli şəkildə gərginləşdirmək siyasəti yürüdür.

Bu arada, rus ordusu Ukraynaya növbəti zərbələr endirib. Musavat.com xəbər verir ki, avqustun 17-də Rusiya hərbçiləri Ukrayna ərazisinə həm pilotsuz uçuş aparatları, həm də raketlər buraxıblar. Bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Telegram kanalında açıqlayıb.

Məlumata görə, Odessada rusların “Şahed” tipli dronları “Nova Poçta” şirkətinə məxsus terminallardan birini və SOCAR-ın yanacaqdoldurma məntəqəsini hədəfə alıb. Nəticədə şəhərdə güclü partlayış baş verib. Hələlik dağıntıların miqyası və mümkün itkilər barədə rəsmi açıqlama verilməyib.

Bu, SOCAR obyektlərinin Rusiya tərəfindən ilk dəfə hədəf alınması deyil. Avqustun 7-8-də də Rusiya ordusu Odessa bölgəsində SOCAR-ın neft deposuna dron hücumu təşkil edib. Hücum nəticəsində boru xətti partlamış, yanğın baş vermiş və dörd SOCAR əməkdaşı yaralanmışdı. Hadisə ilə bağlı Bakıdan Ukraynaya təcili yardım göndərilmiş, Azərbaycan hökuməti 2 milyon dollarlıq humanitar yardım ayıracağını açıqlamışdı.

Bundan əvvəl isə Azərbaycanın qazının Ukraynaya nəql edildiyi enerji obyektinə hücum edilmişdi. Ekspertlər bildirirlər ki, Rusiya tərəfindən SOCAR-a məxsus obyektlərin hədəf alınması təsadüfi deyil. Bu hücumların həm Ukraynanın enerji təhlükəsizliyinə, həm də Azərbaycanla Kiyev arasındakı strateji əməkdaşlığa zərbə vurmaq məqsədi daşıdığı qeyd olunur. Odessa Vilayət Dövlət Administrasiyasının sədri Oleq Kiper bildirib ki, hava hücumundan müdafiə qüvvələrinin aktiv fəaliyyətinə baxmayaraq, Odessa rayonunda zərbələrin nəticələri qeydə alınıb. Kiper deyib ki, hücum nəticəsində şəhər ətrafında yerləşən yanacaq-enerji infrastruktur obyektində və ikimərtəbəli binada yanğın baş verib.

Bu hücumlar fonunda Bakı-Kiyev diplomatik təmasları Azərbaycan üçün hansı risklər yaradır?

Professor Qabil Hüseynlinin 70 ili - yubilyara təbrik mesajı...

Qabil Hüseynli 

Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan-Ukrayna əlaqələri Rusiya əleyhinə yönəlməyib. Onun sözlərinə görə, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq Moskvanı hiddətləndirir deyə terrora əl atıb. Bununla yanaşı, Q.Hüseynli Rusiyanın Azərbaycana aid enerji obyektlərinə, YDM-lərə hücumlarının nəticə verməyəcəyini vurğuladı: “Bu, terror və təhdid hərəkətləridir. Rusiya Azərbaycanı özünə müttəfiq və dost hesab edirsə, onun enerji infrastrukturuna niyə hücum edir? Deməli, müttəfiq yox, düşmən addımıdır. Bu da Rusiyanın dövlət siyasətinin mahiyyətini ortaya qoyur. Hesab edirəm ki, rəsmi Bakı son hücumlarla bağlı Rusiya dövlətinə nota göndərməli və izahat tələb etməlidir”.

Professor bildirdi ki, Bakı-Kiyev əlaqələri Rusiyaya zərər vurmur, sadəcə, Kreml bundan qəzəblənir, zərbələr endirməklə göz qorxutmaq istəyir: “Amma bu, bizi Ukraynaya humanitar yardım göstərməkdən çəkindirə bilməz. Azərbaycan dost ölkəyə generator, transformator göndərir. Rusiya isə böhtan atır ki, hərbi yardım edirik. Əgər bu şəkildə bizi təhdid etməyə davam edəcəklərsə, Azərbaycan Ukrayna ilə bağlı o embarqonu aradan qaldırmağı istisna etməyib. Moskva Bakını buna vadar etməməlidir. Sadəcə, Rusiya şantaj və şər-böhtan yolu seçib. Hətta Həştərxan limanına dron hücumuna görə Azərbaycanı ittiham edirlər. Bu qədər absurd mövqe sərgilənir”.

Comments are closed.

Tərcümə »