Ümummilli hədəflərimizə münasibətdə müxaliflik ola bilməz

Azərbaycanın radikal müxalifət qanadının avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda imzalanan və paraflanan sənədlərə, razılaşmalara qarşı destruktiv mövqeyinin İran və Rusiyanın anti-Azərbaycan xəttindən fərqlənməməsi dərin təəssüf hissi doğurur. İranın fars-molla rejimi ilk gündən Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmış, Xamenei bu dəhlizi özünün rəhbərlik etdiyi şər dövləti üçün “qırmızı xətt” elan etmişdi. AZAL-ın təyyarəsinin Rusiya səmasında vurulmasından və Yekaterinburq hadisələrindən sonra Kreml də molla İranı ilə eyni mövqedən çıxış etməyə başlayıb.

Zəngəzur dəhlizinin “Tramp Marşrutu” (TRIPP) elan edilməsindən sonra isə Tehran və Moskvada anti-Azərbaycan isterikası kulminasiya nöqtəsinə çatıb. Vaşinqton anlaşmalarına cənub və şimal qonşularımızdan bu cür qərəzli, məkrli reaksiya gözlənilən idi. Hərçənd ki, Rusiya və İranı idarə edənlər biraz rasional və sağlam təfəkkürlə yanaşsalar, avqustun 8-də ABŞ paytaxtında imzalanan birgə bəyannamənin və paraflanan sazişin icrasının İran və Rusiya üçün də çox ciddi faydalarının olacağını görə bilərlər.

Lakin ən pisi isə budur ki, Moskva və Tehran özlərini korluğa vurduğu kimi, Azərbaycanın radikal müxalifət kəsimi də sanki cənubdan və şimaldan gizli təlimat alıbmış kimi 8 avqust razılaşmalarına qarşı barışmaz mövqe tutub. Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, İsa Qəmbər, Arif Hacılı kimi “əbədi müxalifət” liderlərinin, eləcə də xaricdəki anti-milli mövqeli “azərbaycanlı”ların, blogerlərin Vaşinqton görüşünün nəticələri ilə bağlı qərəz və siyasi riyakarlıqla dolu sərsəm fikirlər, olmayan ittihamlar səsləndirmələri bunun bariz nümunəsidir.

Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Sazişin paraflanması, eləcə də Ermənistanla sülhün əldə olunması imkanları artdıqca Rusiyanın və İranın Cənubi Qafqaza təsirlərinin azalması bütün cəmiyyətimiz tərəfindən müsbət qarşılandığı kimi radikal müxalifət düşərgəsinin də dəstəyini qazanmalıydı. Ancaq çox təəssüflər olsun ki, “hər zaman və hər şeyə qarşı müxalif olmaq” zehniyyətindən çıxış edən AXCP, Milli Şura və Müsavat rəhbərliyi həm Azərbaycan üçün, həm də bütövlükdə region üçün davamlı sülhə doğru əhəmiyyətli addım kimi tarixə düşən Vaşinqton razılaşmalarına qarşı təftişçi və inkarçı mövqedən çıxış edir.

Prezident İlham Əliyevin avqustun 8-də Vaşinqtonda imzaladığı sənədlərin, anlaşmaların ölkəmiz və xalqımız üçün misilsiz tarixi əhəmiyyətə malik olduğunu heç kim inkar edə bilməz. Məhz bu anlaşmaların icrası nəticəsində 200 ildir ki, xalqımız üçün bəlaya çevrilmiş “erməni məsələsi”nin, “böyük Ermənistan”, “Miatsum” kimi yırtıcı hərakatların, ideologiyaların, erməni terrorizminin və separatizminin kökü həmişəlik kəsəcək. Odur ki, biz Vaşinqton razılaşmalarına hər şeydən əvvəl Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin məntiqi davamı kimi baxmalıyıq.

Bəli, Azərbaycan sahədəki böyük Qələbəsini indi də masada böyük Sülhə doğru aparan anlaşmalara imza atmaqla möhkəmləndirir. Biz gələcək nəsillərimiz üçün bölgədə dayanıqlı sülh və təhlükəsizlik arxitekturası inşa etməliyik. Azərbaycan böyük Sülhün təşəbbüskarı və memarı rolunda çıxış edir. Müxalifətin də borcu Azərbaycanın sülh uğrunda atdığı addımlarına dəstək verməkdir. Ümummilli hədəflərimizə münasibətdə müxaliflik ola bilməz. Bu tarixi məqamda müxalifətimiz əsl vətənpərvərlik və həmrəylik nümayiş etdirməlidir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »