Gözün aydın, Azərbaycan!
Bu gün hamımız böyük tarixi ana şahidlik etdik. Az öncə Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri tərəfindən sülhə dair Birgə Bəyannamə imzalandı.
– Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh sazişinin mətni paraflandı.
– 907-ci düzəliş 33 ildən sonra bu gün ləğv olundu.
– Kommunikasiyaların açılmasının əhəmiyyəti təsdiqləndi.
– Azərbaycanın Naxçıvana maneəsiz keçidi təmin olunacaq.
– ATƏT-in bədnam Minsk Qrupu tarixə qovuşdu.
Beləliklə, 37 illik Ermənistan-Azərbaycan münaqişəsinə artıq son qoyulur.
Qanlı səhifə qapanır.
Dövlətimizin başçısının ifadəsi ilə desək, bu gün biz yeni tarixi səhifəyə imza atırıq.
Müzəffər Ali Baş Komandanımız İlham Əliyev həqiqətən də nəyi, necə, nə vaxt etmək lazım olduğunu hamıdan yaxşı bilir. Cənab Prezident ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə birgə Ağ Evdə mətbuat nümayəndələri qarşısında çıxış edərkən qalib lider kimi böyük qürur hissilə qeyd etdi ki, “bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik, bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük imkandır”.
Qalib xalqımız bu tarixi günü çoxdan gözləyirdi. Xalqımızı təbrik edirəm! Cənab Prezidenti təbrik edirəm! Qoy, bu sülh xalqımız üçün də, bölgəmiz üçün də xeyirli və uğurlu olsun!
Bəli, fəxrlə deyə bilərik ki, məhz Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsindəki tarixi Zəfəri bugünkü sülhə zəmin yaradıb.
Bu gün Cənubi Qafqazda Böyük Sülh dövrü başlayır.
Azərbaycan lideri Böyük Sülhün baş memarıdır!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.