Ağ Evdə tarixi gün: “Sülh çərçivə sənədi” imzalanır – Minsk Qrupu ləğv edilir, Zəngəzur dəhlizi “TRUMP” adı ilə beynəlmiləlləşdirilir

Sabah ABŞ-ın paytaxtı Vaşinqtonda – Ağ Evdə Azərbaycan və Ermənistan arasında uzun müddətdir aparılan danışıqların nəticəsi olaraq çox mühüm sənəd – “Sülh çərçivə sənədi” imzalanacaq.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu sənəd hələ sülh sazişi deyil, lakin sazişə hazırlıq üçün hüquqi və siyasi bazanı müəyyən edən əsaslı bir sənəd olacaq. Bu, regionda ABŞ-ın birbaşa diplomatik iradəsi və vasitəçiliyi ilə atılmış ən ciddi addım kimi qiymətləndirilir.

Minsk Qrupu tarixin arxivinə göndərilir

Əldə olunan razılaşmaya əsasən, ATƏT-in 30 ildən artıq fəaliyyət göstərmiş Minsk Qrupunun mandatı və fəaliyyəti tamamilə dayandırılacaq. Bu qərar, ABŞ-ın indiki administrasiyasının Tramp dövründəki “faydasız strukturların ləğvi” strategiyasının davamı kimi təqdim olunur. Minsk Qrupu faktiki olaraq artıq uzun müddətdir işləmir və indi rəsmi olaraq diplomatik tarixə çevrilir.

Zəngəzur dəhlizi “TRUMP marşrutu” olur

Ən diqqətçəkən məqam isə Zəngəzur dəhlizi ilə bağlıdır. Reuters-in məlumatına görə, dəhlizin idarəsi və təhlükəsizliyi ABŞ-a bağlı özəl şirkətə təhvil veriləcək. Həmin dəhliz bundan sonra “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” – Trump Route for International Peace and Prosperity (TRIPP) adlandırılacaq.

Bu ad Donald Trampın diplomatik təşəbbüsü və şəxsi nümayəndəsi Stiv Vitkoffun vasitəçiliyi ilə aparılan proseslərə simvolik töhfə kimi qəbul olunur.

Ekspertlər bu addımı Zəngəzur dəhlizinin beynəlmiləlləşməsi və regionda Qərbin iştirakı ilə yeni siyasi xəritənin formalaşması kimi qiymətləndirirlər.

Bakı və İrəvan imza atmağa hazırdır

Rəsmi mənbələrdən hələlik təsdiq gəlməsə də, Reuters bildirir ki, sənədin imzalanması üçün tərəflər tam razılıq əldə edib və sənəd Ağ Evdə rəsmi mərasimlə təqdim olunacaq.

Bu hadisə Cənubi Qafqazda yeni dövrün başlanğıcı, Rusiya və İranın bölgədəki təsirinin zəifləməsi, Azərbaycan diplomatiyasının isə yeni uğuru kimi dəyərləndirilir.

Comments are closed.

Tərcümə »