Prezident İlham Əliyev Azərbaycanın Suriyanın yanında olduğunu nümayiş etdirir

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraanın Azərbaycana səfəri onun xarici ölkələrə ilk səfərlərindən biri sayılır. Bu səfər ermənipərəst Bəşər Əsəd rejiminin tarixin küllüyünə qovuşduğunu və Azərbaycan-Suriya münasibətlərinin artıq yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Yeni Suriya liderinin Bakıya səfəri həm diplomatik, həm də regional sabitlik və əməkdaşlıq baxımından əhəmiyyətli hadisədir. Əhməd əş-Şaraanı qarşılayan Azərbaycan Prezidenti İlham Əliyev geniş tərkibli görüş zamanı Suriya liderinin ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin inkişafında mühüm əhəmiyyət kəsb edəcəyinə ümidvarlığını bildirdi.

Dövlətimizin başçısı yaxın keçmişə ekskurs edərək, uzun illər ərzində Azərbaycana münasibətdə qeyri-dost siyasəti həyata keçirən Suriyadakı əvvəlki hökumətin vaxtında münasibətlərimizdə durğunluğun hökm sürdüyünü, lakin Suriyada yeni hakimiyyətin qurulmasından sonra isə əlaqələrimizin inkişafı üçün böyük perspektivlərin açıldığını vurğuladı. Suriyada hakimiyyət dəyişikliyindən sonra Azərbaycan bu ölkənin suverenliyinə və ərazi bütövlüyünə dəstək verən ilk dövlətlərdən biri olub. Yeni mərhələ yeni imkanlar deməkdir. İndi Suriyanın yeni hökuməti Əsəd rejiminin dövründə müxtəlif ölkələrlə, o cümlədən Azərbaycanla yandırılmış körpüləri bərpa etmək istiqamətində fəal hərəkətə keçib. Qarşıdakı dövrdə hər iki ölkə arasında enerji, bərpa, humanitar və iqtisadi sahələrdə əməkdaşlığın dərinləşəcəyi gözlənilir. Azərbaycan Suriyanın yenidənqurmasında fəal rol alacaq.

Azərbaycan Suriya ilə əməkdaşlığın bərpası və bu ölkənin postmüharibə dövründə yenidən qurulması kontekstində Əhməd əş-Şaraa hökumətini açıq şəkildə dəstəkləyən ilk dövlətlərdən biri hesab olunur. Bizim ölkəmiz humanitar fəlakətdən əziyyət çəkən Suriyaya yardım göstərilməsi istiqamətində strateji müttəfiqi olan qardaş Türkiyə ilə sıx koordinasiyada fəaliyyət göstərib. Prezident İlham Əliyev suriyalı həmkarı Əhməd əş-Şaraa ilə söhbət zamanı Azərbaycanla Suriya arasında humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq məsələlərinə toxundu. Eyni zamanda, ölkəmizin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində təcrübəsinin olduğu nəzərə alınaraq vurğulandı ki, bu xüsusda Azərbaycan Suriyanın postmünaqişə dövründə bərpa və quruculuq prosesinə öz töhfəsini verə bilər. Eləcə də mədəni abidələrin bərpası sahəsində də Suriyaya köməklik göstərə bilərik.

Bir sözlə, bu gün Azərbaycan-Suriya münasibətlərinin yeni fazaya keçməsi üçün əlverişli mühit formalaşıb. Azərbaycan İslam həmrəyliyi prinsipindən çıxış edərək, Suriyaya hərtərəfli kömək göstərməyə hazırdır. Prezident İlham Əliyev Azərbaycanın Suriyanın yanında olduğunu nümayiş etdirir. Bunu Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa da hiss edir və o, bu gün dövlətimizin başçısı ilə görüşü əsnasında Azərbaycanın Suriyaya göstərdiyi qardaşlıq dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Suriya lideri, həmçinin hazırda ölkəsinin üzləşdiyi ciddi enerji problemlərinin həllində Azərbaycanın töhfəsinin əhəmiyyətini vurğulayaraq, bunun Suriyanın inkişafına xidmət etdiyini dedi.

Əhməd əş-Şaraanın Azərbaycana etdiyi ilk rəsmi səfərini heç şübhəsiz ki, hazırda Ermənistanda da yaxından izləyirlər. Ermənistan rəhbərliyi yəqin ki, indi tam olaraq anlayır ki, Bəşər Əsəd dövründə Suriya ilə qurulan strateji yaxınlıq yanlış seçim olub. Həmin dövrdə həm Suriyanın, həm də Ermənistanın toksik siyasəti Yaxın Şərqdə və Cənubi Qafqazda sülh və sabitliyin qurulmasına ciddi əngəl törədib. Lakin bu gün Azərbaycan-Suriya münasibətlərinin uzun fasilədən sonra normallaşmağa başlaması ilə hər iki region üçün yeni imkanlar və perspektivlər açılır. Azərbaycan özünün barış və əməkdaşlıq siyasəti ilə həm Cənubi Qafqazda, həm də İslam dünyasında yeni reallıqlar yaradır. Bu mənada Azərbaycan-Suriya münasibətlərinin yeni mərhələyə qədəm qoyması strateji hadisədir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »