İƏT-in Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmaq hüququnu dəstəkləməsi Ermənistanı fakt qarşısında qoydu

Ötən gün İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 51-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə təqdim olunan beş mühüm qətnamənin qəbul olunması ölkəmiz üçün və xüsusən də Qərbi Azərbaycana qayıdış siyasətimiz kontekstindən həqiqətən də mühüm hadisədir. Çünki İslam dünyasının ən nüfuzlu beynəlxalq birliyi sayılan İƏT-in sessiyasında Qərbi Azərbaycan məsələsi də gündəlikdəki əsas məsələlərdən birinə çevrildi və ilk dəfə olaraq Qərbi Azərbaycan icmasına dair qətnamə qəbul edildi.

Qətnamənin adı da kifayət qədər aktual və diqqətçəkəndir. Belə ki, “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı həmin qətnamədə İƏT-in üzv dövlətləri Qərbi azərbaycanlıların ləyaqətli şəkildə öz yurdlarına qayıtmaq hüququna dəstək verib, eyni zamanda isə, Ermənistanın bu hüquqları inkar etməsi birmənalı şəkildə pislənilib. Beləliklə, İƏT-in Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmaq hüququnu dəstəkləməsi Ermənistanı fakt qarşısında qoydu.

İƏT Nazirlər Şurasının 51-ci sessiyası çərçivəsində qəbul edilən yekun İstanbul Bəyannaməsində isə Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə edilən irəliləyişlər alqışlanaraq, rəsmi İrəvan sülh sazişinin imzalanmasına mane olan çağırışların, süni əngəllərin aradan qaldırılmasına dəvət olundu. Eləcə də Azərbaycanın təklifi əsasında qəbul edilən digər dörd qətnamədə isə Xocalı soyqırımı və digər müharibə cinayətləri pislənildi, 30 il davam edən işğal dövründə Ermənistanın İslam mədəni irsinə qarşı törətdiyi vandalizm aktlarına görə məsuliyyət daşıdığı vurğulandı və bütün bunlara görə Azərbaycana reparasiya ödəməsi tələbi dəstəkləndi. Sessiyada qəbul edilən qətnamələrdə həmçinin hazırda Azərbaycan hökumətinin azad edilmiş ərazilərdə apardığı yenidənqurma və minatəmizləmə fəaliyyətinə dəstək ifadə olundu və sözügedən ərazilərin iqtisadi bərpasına dəstək üçün İƏT-in üzv ölkələrinə və İslam maliyyə institutlarına çağırış yer aldı.

Bütün bunlar heç şübhəsiz ki, ölkəmizin İƏT çərçivəsində əldə biləcəyi kifayət qədər yüksək nəticələrdir. Bu qətnamələrin qəbul olunmasıyla İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanla əsl həmrəylik nümayiş etdirdi. Ermənistan tərəfi İƏT-in qətnamələrində yer alan qınaq və çağırışlardan düzgün nəticə çıxarmalıdır. Xüsusən də Qərbi Azərbaycana qayıdış məsələsinin bu cür geniş beynəlxalq dəstək qazanması rəsmi İrəvanı ciddi şəkildə düşündürməlidir. Tez-tez sülhdən danışan Ermənistan rəhbərliyi azərbaycanlıların qayıdış hüququnu inkar edə bilməz.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »