Dollarla bağlı kritik VƏZİYYƏT: Məzzənə necə qalxacaq?

Yaxın Şərqdə gərginlik kritik həddə çatıb. ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlaması və cavab olaraq Tehranın strateji əhəmiyyətə malik Hörmüz boğazını bağlaması dünya iqtisadiyyatına ciddi təsir göstərməyə başlayıb. Bu kritik boğazdan hər gün milyonlarla barel neft daşınır və onun bağlanması qlobal enerji bazarlarında qiymət sıçrayışına səbəb olub. Enerji təhlükəsizliyi və neft tədarükü ilə bağlı narahatlıqlar fonunda investorlar panikaya düşüb. 

Hazırda neftin barreli üzrə qiymətlər rekord səviyyədə artmaqdadır. Bəs bu qlobal iqtisadiyyata necə təsir edəcək?

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli News24.az-a açıqlamasında bildirib ki, dolların mövqeyi son bir ildə nəzərəçarpacaq dərəcədə zəifləyib:

“Statistikaya baxdıqda görürük ki, son bir il ərzində dolların indeksi 6,2 faiz geriləyib. Bu, mühüm göstəricidir. Son aylarda qismən artım müşahidə olunsa da – təxminən 0,25 faiz – bu, ümumi enişi kompensasiya etmir. Hətta bu gün belə dollar 0,9 faiz ucuzlaşıb”.

Buna baxmayaraq, iqtisadçı etiraf edir ki, qlobal risklərin artması zamanı investorların dollara üz tutması tendensiyası yenə də aktualdır:

“Bəli, risk artdıqca dollara tələbat artır. Ancaq bugünkü proseslərə baxanda, biz hələlik ümumi tendensiyada dollara ciddi meyllənmə görmürük. ABŞ-ın ticarət siyasəti də dolları zəiflədir”.

Xalid Kərimli əlavə edib ki, Amerikanın Çin və Avropa İttifaqı ilə ticarət münaqişələri də dolların mövqeyinə mənfi təsir göstərir:

“ABŞ-ın qlobal ticarət gərginlikləri – xüsusilə Çin və Avropa ilə münasibətlərdəki sərtliklər – valyuta bazarına təzyiq yaradır. Bu mübarizələr dolların sabitliyinə mənfi təsir edir, çünki bazarlar belə qeyri-müəyyənliyi sevmir”.

Hazırda dollar həm geosiyasi risklərdən, həm də qlobal ticarət savaşlarından təsirlənir. İqtisadi qeyri-sabitlik fonunda investorlar ehtiyatlı davranır, lakin dolların dominant valyuta statusu ona qarşı marağı tam itirməyə qoymur.

Comments are closed.

Tərcümə »