Azərbaycan Prezidenti Belarusun Baş nazirini qəbul etdi – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev mayın 6-da Belarusun Baş naziri Aleksandr Turçini qəbul edib.

İctimai Rəy xəbər verir ki, dövlət başçısı Azərbaycanla Belarus arasında əlaqələrin möhkəm dostluğa və qarşılıqlı etimada əsaslandığını qeyd edərək, Aleksandr Turçinin Baş nazir vəzifəsinə təyin olunmasından sonra ilk səfərlərindən birini Azərbaycana etməsinin məhz ölkələr arasında olan sıx tərəfdaşlıq münasibətlərinin mahiyyətindən xəbər verdiyini deyib.

Prezident İlham Əliyev Azərbaycanla Belarus arasında mövcud siyasi əlaqələrin ruhuna uyğun olaraq iqtisadi-ticari münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Aleksandr Turçin, ilk növbədə Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Aleksandr Lukaşenkoya çatdırmağı xahiş edib.

İlk dəfə Bakıya səfər etdiyini deyən Belarusun Baş naziri paytaxtımızda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını bildirib.

Görüşdə Azərbaycanla Belarus arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Bu xüsusda, Gəncə avtomobil zavodunda Belarus avtomobil texnikasının istehsalı və bu texnika üçün Azərbaycanın müxtəlif bölgələrində servis mərkəzlərinin yaradılmasının əhəmiyyəti vurğulanıb.

Azərbaycanda lift, məişət texnikası, kənd təsərrüfatı, xüsusilə heyvandarlıq, südçülük, ətçilik və quşçuluq üzrə birgə istehsal sahələrinin təşkili və təcrübə mübadiləsinin həyata keçirilməsinə dair müzakirələr aparılıb.

Hökumətlərarası komissiyaya qeyd olunan istiqamətlər üzrə müvafiq tapşırıqlar verilib.

Söhbət zamanı dost ölkə Belarusun şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq işlərində iştirakı məmnunluqla qeyd edilib.

Belarusun Baş naziri Azərbaycana səfəri çərçivəsində azad edilmiş ərazilərə gedəcəyini və vəziyyətlə yerində tanış olacağını bildirib.

Görüşdə ölkələr arasında şəhərsalma sahəsində təcrübə mübadiləsinin aparılmasının vacibliyinə toxunulub.

Dövlət başçısı 2026-cı ildə Azərbaycanın Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini deyərək, Belarusu da bu tədbirdə yaxından iştiraka dəvət etdi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

***

  

Azərbaycan Prezidenti İlham Əliyev mayın 6-da Belarusun Baş naziri Aleksandr Turçini qəbul edib.

İctimai Rəy xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Comments are closed.

Tərcümə »