Bakının prinsipial mövqeyi və israrlı tələbləri artıq öz müsbət nəticəsini verir

Hərbi müstəvidə kapitulyasiya vəziyyətinə uğrayan Ermənistan hal-hazırda diplomatik-siyasi müstəvidə də Azərbaycanın diktəsi ilə hərəkət etməkdə və bizim təklif etdiyimiz “yol xəritəsi” istiqamətində addımlar atmaqdadır. Belə ki, Minsk qrupunun buraxılmasına dair tələbimizlə hesablaşmağa başlayan rəsmi İrəvan, indi də ölkəmizə qarşı ərazi iddialarının yer aldığı konstitusiyalarına dəyişiklik tələbimizi ictimailəşdirmək istiqamətində kövrək addımlar atır. Ermənistan Baş naziri Nikol Paşinyanın konstitusiya dəyişikliyinin vacibliyi ilə bağlı parlamentdə səsləndirdiyi fikirlər bu dəfə populizmdən yox, ciddi planlardan xəbər verir.

Ölkənin əvvəlki konstitusiya referendumlarının xalqın iradəsini əks etdirmədiyini bildirən N.Paşinyan artıq bu istiqamətdə qəti addımlar atmaq qərarına gəlib. Bu da o deməkdir ki, Bakının prinsipial mövqeyi və israrlı tələbləri artıq öz müsbət nəticəsini verir. Başqa sözlə desək, indi rəsmi İrəvan öz gündəmini Bakı vaxtı ilə təyin etmək kursunu seçib. Ermənistanın əvvəlki konstitusiya referendumlarının və konstitusiya mətninin erməni xalqının iradəsini əks etdirmədiyi kimi Cənubi Qafqaz gerçəklikləri ilə də birbaşa ziddiyyət təşkil edir. Erməni ultramillətçilərinin və irqçi daşnakların tərtib etdiyi hazırkı Ermənistan konstitusiyasının əsas qayəsini qonşu xalqlara və dövlətlərə qarşı ərazi iddiaları təşkil edir. Bu isə həm bölgədə daimi hərbi-siyasi gərginliyin qalmasına rəvac verir, həm də Ermənistanın özünün mövcudluğu üçün birbaşa təhlükə yaradır.

Kilsənin və erməni millətçilərinin 40 ilə yaxındır gündəmdə saxlamağa çalışdıqları “böyük Ermənistan” və “miatsum” kimi zəhərli, zərərli ideologiyalara əsaslanan hazırkı konstitusiya Ermənistanın öz qonşuları ilə (ilk növbədə isə Azərbaycan və Türkiyə ilə) normal münasibətlər qurmasına mane olur. Nikol Paşinyan bu acı həqiqəti gec də olsa anlamağa başlayıb. O, başa düşür ki, millətçilərin iradəsini əks etdirən “tarixi Ermənistan” (“böyük Ermənistan”) konsepsiyası “real Ermənistan” (dinc və adekvat Ermənistan) qurmağa mane olur. Beləliklə, Ermənistanın mövcudluğu, erməni dövlətçiliyi “dalan”a dirənir. Bu “dalan”ın çözüm yolu isə Ermənistan konstitusiyasının dəyişdirilməsindən keçir.

Rəsmi Bakı uzun müddətdir ki, yekun sülhə nail olmaq üçün Müstəqillik Bəyannaməsindəki ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbini israrla gündəmə gətirir. Təəssüflər olsun ki, Ermənistan tərəfi bunun zəruriliyini hələ indi anlamağa başlayıb. Lakin eybi yox, heç anlamamaqlarındansa, yenə gec anlamaqları daha yaxşıdır. Erməni ağlı zamanın və proseslərin sürətindən geri qalır. Bu isə heç şübhəsiz ki, sülh prosesini ləngidir. Ancaq Ermənistan tərəfi Bakı vaxtı ilə ayaqlaşmağa məcburdur.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »