Musavat.com xəbər verir ki, OPEC Donald Trampın başladığı yeni ticarət müharibələrinin qlobal iqtisadi artıma ciddi zərbə vuracağını açıqlayıb.
Təşkilatın bazar ertəsi yayımladığı hesabatda bildirilir ki, ABŞ Prezidentinin gömrük tarifləri ilə bağlı qərarları dünya üzrə neftə olan tələbatı da əhəmiyyətli dərəcədə aşağı salır.
OPEC 2025 və 2026-cı illər üçün neftə gündəlik tələbat proqnozunu 1,3 milyon barel artım kimi yeniləyib ki, bu da əvvəlki gözləntilərlə müqayisədə 150 min barel azalma deməkdir. Təşkilat eyni zamanda qlobal iqtisadi artımla bağlı da proqnozlara düzəliş edib — 2025-ci il üçün 3 faiz, 2026-cı il üçün isə 3,1 faiz artım gözlənilir. Bu göstəricilər əvvəlki rəqəmlərdən 0,1 faiz aşağıdır.
Ekspertlərə görə, Trampın proteksionist iqtisadi siyasəti — xüsusilə də Asiya və Avropa ölkələrinə qarşı tarif qərarları — təkcə ticarət dövriyyəsini deyil, enerji sektoruna olan inamı və istehlak gücünü də zəiflədir.
Azərbaycan nefti isə zirvədədir
Qlobal qeyri-sabitliyə baxmayaraq, Azərbaycanın “Azeri Light” markalı nefti dünya bazarında öz üstünlüyünü qoruyur. 14 aprel tarixində bu neftin bir bareli 73 dollara satılıb ki, bu da Azərbaycanın 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş qiymətdən 3 dollar çoxdur.
Bu bahalaşma, Trampın yaratdığı qeyri-müəyyənliyə baxmayaraq, Azərbaycanın enerji sektorunun dayanıqlığını və strateji üstünlüyünü bir daha göstərir.
Comments are closed.