Azərbaycanda siqaret yenidən bahalaşıb. Bütün növ siqaretlər üzrə qiymətlər 10 qəpik artıb. Artıq marketlərdə siqaretlər yeni qiymətlə təklif olunur. “Kent”, “Sobrania”, “Winston” və s. kimi bəzi siqaret markaları bir müddət əvvəl də 20 qəpik bahalaşmışdı.
Mövzu ilə bağlı “Yeni Sabah” danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, siqaret və alkoqollu içkilərlə bağlı vergilər rahatlıqla artırıla bilir:
“Ümumiyyətlə, siqaret və alkoqollu içkilər dünyada hökumətlərin ən rahat vergisini, aksizini artırdığı sahədir. Bu sosial sahə olmadığından əhalinin böyük bir qismi tərəfindən narazılıqla qarşılanmadığından və sağlam həyat tərzinə təşviqlə əlaqədar olduğundan çətinlik baş vermir. Hətta bəzi fikirlərə görə, qiymət artımı əhalinin siqaret və alkoqollu içkilərdən imtina etməsinə gətirib çıxarır. Bu da sağlam həyat tərzini təşviq edir.
Təbii ki, Azərbaycandakı qiymətlərin böyük hissəsini aksizlər və vergilər təşkil edir. Azərbaycanda siqaret qiymətləri dövlət tərəfindən tənzimlənmir”.
Ekspert qeyd edib ki, dövlətin qiymətlərə müdaxiləsi mümkün deyil:
“Dövlətin müdaxilə edə biləcəyi bir neçə məsələ var. Birinci, satışdan əldə olunan gəlirdən doğru-dürüst aksiz vergisi verilsin, ikinci isə insan sağlamlığı ilə bağlı hansısa təhlükələr olarsa, dövlət müdaxilə edə bilər. Bu 2 formada dövlət müdaxilə edə bilər. Qiymətlərə isə müdaxilə edə bilmir. Etməsi də doğru deyil. Ona görə də, həm istehsalçılar, həm də tədarükçülər, həm də mağazalar öz aralarında sövdələşərək, siqaretin qiymətlərini müəyyən mənada tənzimləyə bilirlər”.
Comments are closed.