Salyanlılar şəhidlərini unutmur: Əfqan Axundovun məzarı anım günündə ziyarət olundu (FOTOLAR)

0

Əfqan Axundov Hüseyn oğlu 2000-ci il favral ayının 16-da Salyan şəhərində anadan olub. Ailədə bir qardaş, bir bacı olublar. Atası Hüseyn ailəsini bazarda göy-göyərti satmaqla dolandırıb. Amma Əfqanın 8 yaşı olanda 48 yaşlı atası ağır xəstəlikdən dünyasını dəyişib. Ailənin bütün ağırlığı anası Xoşgül xanımın üzərinə düşüb.

Xoşgül xanım balalarını çox çətinliklə, ehtiyac içində, xadimə işləyərək böyüdüb. Əfqan 2015-ci ildə Salyan şəhər 1 saylı humanitar məktəbin 9-cu sinfini bitirərək Dənizçilik Kollecinə daxil olub. Maddi cəhətdən çətinlik çəkdikləri üçün Əfqan gündüzlər oxuyub, axşamlar isə işləyib.

Anası deyir ki, bilirdim, çox vaxt ac olur. Amma soruşanda deyərdi ki, hər şeyim var: “Deyərdim ki, göstər telefonda baxım, cavab verərdi ki, küçədəyəm, göstərə bilmirəm”.

Əfqan 2019-cu ildə Dənizçilik Kollecini bitirərək hərbi xidmətə yollanıb. Tərtərdə qulluq edib. Az vaxt ərzində əsgər yoldaşları və zabitlər arasında öz səmimiliyi və qorxmazlığı ilə dərin hörmət qazanıb.
“Balam hərbi xidmətdən 63 gün tez gəldi. Tərxisinə o qədər qalmışdı. Əsgər kimi andiçməsinə getmişdim, 2 dəfə məzuniyyətə də gəlmişdi. Amma deyirdi ki, “mən şəhid olacam. Çünki şəhidlərin yeri cənnətdir”… balam arzusuna çatdı” – deyir Xoşgül xanım.

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Axundov Əfqan Hüseyn oğlunun şəhadətinin ildönümü münasibətilə məzarı ziyarət olunmuşdur.

Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidin şəhadətinin ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak etmiş, məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar. Anım mərasimi şəhidin doğulub boya-başa çatdığı ata ocağında davam etmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Fuad QƏHRƏMANOV

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »