Prezident İlham Əliyev ilk dəfə açıqladı: Türkiyə ilə İsraili Azərbaycan barışdırdı, indi də… – VİDEO
İctimai Rəy xəbər verir ki, Bakıda “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı bir sıra maraqlı və əhəmiyyətli məqamlarla yadda qalıb.
ADA Universitetində təşkil olunan tədbirdə Prezident İlham Əliyev regional və qlobal proseslərə dair mühüm fikirlərini bölüşüb.
Prezident Əliyev ilk dəfə olaraq iki il əvvəl Türkiyə ilə İsrail arasında yaşanan diplomatik böhran zamanı Azərbaycanın vasitəçi rolunu rəsmi şəkildə açıqlayıb. Dövlət başçısı bildirib ki, həmin dövrdə iki dost və tərəfdaş ölkə arasında münasibətlər gərgin mərhələyə daxil olmuşdu və Azərbaycan pərdəarxası diplomatik kanallar vasitəsilə bu münasibətlərin normallaşması üçün fəal şəkildə çalışıb.
“Biz bu missiyanı reklam etmədik, öyünmədik. Sadəcə olaraq pərdəarxasında fəaliyyət göstərdik. Hədəfimiz iki dost ölkə arasında münasibətlərin bərpasına nail olmaq idi”, – deyə Prezident Əliyev qeyd edib.
O vurğulayıb ki, həmin proses nəticəsində İsrail Prezidenti Yitzhak Hersoq Türkiyəyə rəsmi səfər edib, daha sonra Baş nazir Benyamin Netanyahu və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında birbaşa ABŞ -da görüş baş tutub. Bu diplomatik irəliləyişin fonunda iki ölkə arasında münasibətlər o zaman yenidən normallaşıb.
Hazırda isə bölgədə baş verən yeni gərginlik fonunda Azərbaycan yenidən oxşar təşəbbüslərlə çıxış edir. İlham Əliyev bildirib ki, indi ikinci dəfə oxşar böhran yaşanır və Azərbaycan yenə də üzərinə düşəni edir: “Dejavü yaşayırıq, amma bizim alqoritmimiz bəllidir… İndi də əlimizdən gələni edirik ki, Türkiyə ilə İsrail arasında münasibətlər normallaşsın. Əlbəttə, bu, onların suveren qərarıdır. Amma biz inanırıq ki, bu münasibətlərin pisləşməsi nə bizim, nə də regionun xeyrinədir.”
İctimai Rəy oxucularına həmin çıxışın video bağlantısını təqdim edir.
Comments are closed.