Son günlər Ağdamda və Cəbrayılda baş verən mina partlayışları nəticəsində bir hərbçimizin həlak olması, ANAMA-nın bir əməkdaşının və bir neçə mülki şəxsin ağır bədən xəsarətləri alması Ermənistanın davam edən mina terrorunun göstəricisidir. Bu xain terrorun ucbatından həm hərbçilərimiz, həm də günahsız dinc insanlarımız öz həyat və sağlamlıqlarını itirməkdədir. Son 5 ildə (44 günlük İkinci Qarabağ müharibəsindən bu günə qədər) Ermənistan tərəfindən basdırılmış minaların və partlamamış hərbi sursatların partlaması nəticəsidə 393 nəfər vətəndaşımız həlak olub və yaralanıb. Ötən gün Ağdamda baş verən mina partlayışı nəticəsində yaralanan Azərbaycan vətəndaşları arasında hətta uşaqlar da var. Beləliklə, Ermənistanın mina terroru günahsız insanlarımızın həyatı üçün həm fiziki təhlükə yaradır, həm də psixoloji gərginliyə səbəb olur, onların gündəlik yaşamına neqativ təsir göstərir.
İşğal dövründə və 2020-2023-cü illərdə Ermənistan tərəfindən Qarabağda və Şərqi Zəngəzurda basdırılmış minalar bir yandan şəhər və kəndlərimizin bərpa və yenidən qurulmasına mane olur, Böyük Qayıdış prosesini ləngidir, digər tərəfdən isə Cənubi Qafqazda dayanıqlı sülhə nail olunmasını əngəlləyir. Yəni ki, Ermənistan tərəfindən ərazilərimizin minalarla çirkləndirilməsi təkcə humanitar fəlakət yox, həmçinin geosiyasi böhran mənbəyidir. Bütün bunların məsuliyyəti Ermənistanın keçmiş və hazırkı rəhbərliyinin üzərinə düşür. Ona görə də BMT konvensiyalarının müddəalarını kobud surətdə pozan Ermənistanın sabiq prezidentləri və hazırkı hərbi-siyasi rəhbərliyi beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməlidir. Aidiyyəti beynəlxalq qurumlar, o cümlədən Beynəlxalq Məhkəmə bu məsələni gündəmə gətirməlidir.
Eyni zamanda, ərazilərimizin minalardan təmizlənməsi üçün Ermənistan dövlətinin üzərinə beynəlxalq birlik tərəfindən müəyyən öhdəliklər qoyulmalıdır. Həmçinin, Ermənistan dövləti mina terroru nəticəsində həlak olmuş vətəndaşlarımızın ailələrinə və yaralanmış şəxslərə kompensasiya ödəməyə məcbur edilməlidir. Bir sözlə, beynəlxalq ictimaiyyət həm özü Azərbaycanın minatəmizləmə səylərinə birbaşa dəstək verməli, həm də Ermənistanı bu prosesdə beynəlxalq hüquqa uyğun şəkildə davranmağa yönləndirməlidir. Ermənistanı heç bir halda cəzasız qoymaq olmaz. Mina terrorunun səbəbkarı olan dövlət mütləq cəzalandırılmalıdır. Azərbaycan mina çirklənməsinə qarşı mübarizədə beynəlxalq birliyin real dəstəyini hiss etməlidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.