Ersin Tatar: Xocalı faciəsinin ağrı-acısı qəlbimizdə yaşayır

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Xocalı faciəsinin 33-cü ildönümündə qardaş Azərbaycan xalqının hiss etdiyi ağrı-acının Şimali Kipr türklərinin də qəlbində yaşadığını bildirib.

Kipr türklərinin liderinin rəsmi internet saytında dərc olunan bəyanatda Xocalı hadisələri “bəşəriyyətin və insanlığın tarixində qara ləkə” olduğu bildirilir.

ŞKTC Prezidentinin bəyanatında daha sonra deyilir: “Düz 33 il əvvəl Ermənistan silahlı qüvvələri Azərbaycandan olan 613 qardaşımızı, o cümlədən qocalar, qadınlar və uşaqları vəhşicəsinə qətlə yetirib, mindən çoxu əsir götürülüb. Azərbaycan xalqının məruz qaldığı soyqırımından sonra qardaşlarımız tarixin yeni səhifəsini açdılar: 2020-ci ilin 44 günlük müharibəsi tarixi Qələbə ilə başa çatdı, Qarabağın, o cümlədən Xocalının və Şuşanın azad edilməsinə gətirib çıxardı”.

Ersin Tatar Xocalı soyqırımının ildönümündə Prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib. O, Azərbaycanla həmrəylik və birliyin davam edəcəyinə əminliyini bildirib.//AZƏRTAC

 

Comments are closed.

Tərcümə »