Anti-Azərbaycan qüvvələrin maraqlarına xidmət edənlərin kimliyi zamanla üzə çıxacaq

Regional güc statusu ilə heç cürə barışa bilməyən və özünü dünyanın super güclərindən biri kimi təqdim edən Rusiyanın Suriyadan sonra Cənubi Qafqazda da mövqelərini sürətlə itirməyə başlaması və Azərbaycanın Cənubi Qafqazda liderlik mövqeyini möhkəmləndirməsi Kremldə çox ciddi narahatlıq doğuran məsələlərdən biridir. Son vaxtlar Azərbaycana qarşı şimaldan gələn təpkilərin, təhdidlərin artması da ilk növbədə elə bundan qaynaqlanır.

Kreml əvvəllər də Cənubi Qafqazı öz nəzarətində saxlamaq üçün həm iqtisadi rıçaqlardan, həm hərbi güc amilindən, həm də ki, casus şəbəkələrindən, “beşinci kolon”lardan, “yumşaq güc” və təsir agentlərindən daim yararlanmağa çalışıb. Bu mənada Rusiyanın Azərbaycandakı şəbəkəsinin deşifrə olunması heç də təəccüblü deyil. Sözügedən şəbəkəyə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin “xaç ata”lığı etməsi də bizi əsla təəccübləndirməməlidir. Bu adam istefaya göndəriləndən sonra da, AMEA-ya rəhbərlik etdiyi dönəmdə də bütün əməlləri ilə “beşinci kolon”un rəhbəri olduğunu təsdiqləyib.

2021-ci ilin sonlarında Ramiz Mehdiyevin bilavasitə gostərişi və təşəbbusu ilə AMEA-nın kitabxanasınada Azərbaycan-Rusiya yeni regional təhlukəsizlik və iqtisadi əməkdaşlıq məsələlərinə həsr olunmuş qalmaqallı tədbirin keçirilməsi də heç də təsadüfi deyildi. O, ölkəmizin aparıcı elm mərkəzi olan AMEA-nı Rusiyanın təsir dairəsinə salmaq ucun butun imkanlarını səfərbər etmişdi. Ramiz Mehdiyevin AMEA rəhbərliyində qalması Azərbaycan elminə böyük bir təhlükə idi. Mətbuatda, siyasi kuluarlarda Ramiz Mehdiyev Rusiyanən “çətir”i altında olan, “Kremlin adamı” kimi, “dövlət içində dövlət” yaratmağa cəhd göstərən bir adam kimi xarakterizə olunurdu.

Lakin Prezident İlham Əliyev Rusiya ilə sıx əlaqələri olan bu intriqan və təkəbbürlü şəxsi tam da vaxtında neytrallaşdırdı. Bu gün ramiz mehdiyevlər kifayət qədər müstəqil xarici siyasət yürüdən Azərbaycan dövlətinin prinsipial mövqeyinə hər hansı təsir göstərmək imkanına malik deyillər. Bu mənada destruktiv əməllərindən əl çəkməyən R.Mehdiyevin və Rusiyanın Azərbaycandakı şəbəkəsinin digər üzvlərinin aktivləşməsi onların gerçək kimliyinin üzə çıxması baxımından əhəmiyyətlidir. Cəmiyyət Rusiyanın Azərbaycandakı şəbəkəsinə daxil olan hər kəsi tanımalıdır. Eləcə də digər anti-Azərbaycan qüvvələrin maraqlarına xidmət edənlərin də kimliyi zamanla üzə çıxacaq. Milli birliyimizə, həmrəyliyimizə zərbə vuranları tanımalıyıq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »