Azərbaycan Respublikası ərazisində beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin müəyyən edilməsi və onların qanunazidd fəaliyyətlərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən birgə kompleks tədbirlər görülməsi təhlükəsizliyimizin təmin olunmasına xidmət edir. “Meşə qardaşları” adlı terror qruplaşmasının Qusar rayonu ərazisində və digər şimal rayonlarımızda şəbəkələşməyə cəhd göstərməsi, yerli sakinlər arasında dövlətçiliyimizə qarşı təbliğat aparması, radikal dini cərəyana aid zərərli ideyaları yayması, separatizmin ruporu kimi çıxış etməsi Azərbaycan Respublikasının qanunvericiliyinə zidd addımlardır.
Bu cinayətkar dəstənin, silahlı birləşmənin üzvlərinin bir qismi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silahlı müqavimət göstərərkən zərərsizləşdirilib, digərləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3, 28,214.2.6-cı (cinayətkar birlik (cinayətkar təşkilat) halında odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində terrorçuluğa hazırlıq) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
DTX və DİN-in yüksək peşəkarlıqla həyata keçirdiyi birgə əməliyyat nəticəsində çökdürülən “Meşə qardaşları” adlı bu terror çətəsi kifayət qədər ciddi təhlükə mənbəyi idi. Bir tərəfdən İŞİD terror təşkilatına bağlı olan, digər tərəfdən isə Rusiyanın Dağıstan respublikasında “yuva” quran “Qafqaz xilafəti” adlı radikal-şəriətçi dəstələrin (camaatın) tərkibində yer alan islamçı-cihadçı “Meşə qardaşları” qrupu daha əvvəllər Dağıstanda və Azərbaycanda hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlar və terror aktları təşkil edib, yerli əhali arasında vəhhabiliklə bağlı təbliğat və təşviqat işləri aparıb. Lakin Azərbaycan hüquq-mühafizə orqanlarının mərhələli şəkildə həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində bu qruplaşma tədricən neytrallaşdırılaraq sıradan çıxarılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin Qusar rayonunda uğurla həyata keçirdiyi birgə əməliyyat nəticəsində “Meşə qardaşları” terror qrupunun zərərsizləşdirilməsi ölkəmizin təhlükəsizliyi və sabitliyi üçün mühüm addımdır. Dövlətçiliyimizə təhdid yaradan heç bir qüvvə qanuni məsuliyyətdən yaxa qurtara bilməz. “Meşə qardaşları”na qoşulanların aqibəti terrorçuluğa, separatçılığa meylli olan hər kəsə dərs olmalıdır. Hazırda ədalət məhkəməsi qarşısında ifadə verən erməni separatçılarının da aqibəti bölücülük, milli və dini düşmənçilik niyyətləri ilə yaşayan bütün şəxslərə görk olmalıdır. Terrorçuluğa, separatçılığa qarşı barışmaz mövqeyimiz təhlükəsizliyimizin zəmanətidir. Dövlətimizin suverenliyini, ölkəmizin konstitusiya quruluşunu və milli maraqlarımızı hər cür təhdidlərdən qoruyan təhlükəsizlik orqanlarımızın fəaliyyətini yüksək qiymətləndiririk. Potensial təhdidlərin qarşısını operativ və yüksək peşəkarlıqla aldıqlarına görə görünən və görünməyən gerçək qəhrəmanlarımızla qürur duyuruq.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.