Azərbaycan Xəzər hövzəsi vasitəsilə Mərkəzi Asiya ilə coğrafi olaraq birləşir, amma artıq bu bağ yalnız xəritə üzərindəki yaxınlıqla məhdudlaşmır
Bu gün Azərbaycanın və Qırğızıstan münasibətlərinin gələcək inkişafına təkan verən olduqca əlamətdar bir gündür. Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında əlaqələrin yeni mərhələsinin başlanğıcı sayılır. Azərbaycan və Qırğızıstan liderləri İlham Əliyev və Sadır Japarov Çolpon-Ata şəhərində keçirilən görüşlər, toplantılar əsnasında olduqca önəmli bəyanatlar verdilər. Liderlərin bəyanatları, açıqlamaları Bakı ilə Bişkek arasında münasibətlərin keyfiyyətcə yeni məzmun qazandığını, yeni müstəviyə keçdiyini ortaya qoydu. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində iki ölkə arasında “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması tarixi hadisədir. Çünki sözügedən müqavilə münasibətləri yeni mərhələyə – strateji əməkdaşlığa transformasiya edir, ən müxtəlif sahələrdə (təhlükəsizlik, nəqliyyat, enerji və humanitar və s.) əlaqələrin daha da dərinləşməsi üçün yeni imkanlar açır.
Çolpon- Ata şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Görüşündə çıxış edən Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələri ilə münasibətlərin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu xüsusilə vurğulaması mühüm əhəmiyyəti olan mesajdır. Azərbaycan-Qırğızıstan münasibətləri fonunda Azərbaycan-Mərkəzi Asiya yaxınlaşması nəyin göstəricisidir? Mərkəzi Asiya ölkələri nədən Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verirlər? Türk dünyasının inteqrasiyasının sürətlənməsi üçün hansı imkanlar açılır?
İlham Əliyev və Sadir Japarovun bəyanatları, mesajları bir neçə paralel prosesi açıq şəkildə göstərir: Azərbaycanın Mərkəzi Asiya ilə münasibətləri artıq sırf protokol və ya format səviyyəsindən çıxıb, strateji tərəfdaşlıq və müttəfiqlik mərhələsinə keçib. Prezidentlərin vurğuladığı “yüksək səviyyə”, “qarşılıqlı etimad”, “müttəfiqlik münasibətləri” və “vahid geosiyasi və geoiqtisadi məkan” kimi ifadələr təkcə diplomatik ritorika deyil, real siyasi xəttin konturudur. Bu xəttin arxasında təhlükəsizlik, nəqliyyat, enerji, ticarət, investisiya və mədəni yaxınlıq dayanır.
Azərbaycan-Mərkəzi Asiya yaxınlaşması ilk növbədə Avrasiya məkanında yeni regional arxitekturanın formalaşmasının göstəricisidir. Azərbaycan Cənubi Qafqazda yerləşsə də, Xəzər hövzəsi, Orta Dəhliz, türk dövlətləri ilə əlaqələr və enerji-logistika imkanları vasitəsilə Mərkəzi Asiya ilə birbaşa strateji bağ qurur. Yəni tərəflər artıq bir-birini sadəcə uzaq tərəfdaş kimi deyil, ortaq maraqları olan geniş regionun bir hissəsi kimi görürlər. Eyni zamanda, bu proses postsovet məkanında balansın dəyişməsini göstərir. Region dövlətləri xarici siyasətlərində daha çox çoxvektorlu xətt yürüdür, bir-birinə yaxınlaşmaqla xarici asılılığı azaltmağa çalışırlar. Azərbaycan isə öz növbəsində Mərkəzi Asiya ölkələri ilə əlaqələri gücləndirməklə həm türk dünyası daxilində mövqeyini möhkəmləndirir, həm də Şərq-Qərb və Şimal-Cənub kəsişməsində tranzit mərkəzi rolunu artırır.
Mərkəzi Asiya ölkələrinin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm vermələrinin əsas səbəblərindən biri Azərbaycanın Xəzər hövzəsində etibarlı körpü rolunu oynamasıdır. Mərkəzi Asiya dövlətləri üçün Azərbaycan Avropa bazarlarına çıxış, nəqliyyat dəhlizlərinə inteqrasiya və enerji marşrutlarının şaxələndirilməsi baxımından vacibdir. Xüsusilə Orta Dəhliz çərçivəsində Bakı-Tbilisi-Qars, Bakı limanı, Xəzər keçidləri və ümumi logistika şəbəkəsi bu əlaqələri praktiki məzmunla doldurur. Bu da “vahid geosiyasi və geoiqtisadi məkan” ifadəsinə aydınlıq gətirir. Bu ifadə ondan xəbər verir ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri özlərini artıq ayrı-ayrı bölgələr kimi deyil, bir-birini tamamlayan ümumi strateji sistem kimi görməyə başlayırlar. Bu, nəqliyyat dəhlizləri, enerji marşrutları, ticarət zəncirləri, rəqəmsal bağlantılar və təhlükəsizlik əməkdaşlığı baxımından vahid yanaşma deməkdir.
Belə vahid məkanın formalaşması region ölkələri və Azərbaycan üçün bir neçə üstünlük yaradır. Söhbət marşrutların diversifikasiyası, iqtisadi dayanıqlığın güclənməsi, xarici təzyiqlərə qarşı daha yüksək müqavimət, investisiya cəlbediciliyinin artması və ortaq platformalarda koordinasiyanın güclənməsindən gedir. Bu baxımdan, Azərbaycan və Qırğızıstan liderlərinin bəyanatlar göstərir ki, Azərbaycan-Mərkəzi Asiya münasibətləri yeni mərhələyə keçib və bu mərhələ artıq strateji tərəfdaşlıqdan daha irəli gedərək müttəfiqlik və regional inteqrasiya xəttini gücləndirir. Mərkəzi Asiya ölkələrinin Azərbaycanla əlaqələrə xüsusi önəm verməsi həm geosiyasi reallıqlardan, həm də tarixi-mədəni yaxınlıqdan qaynaqlanır.
Burada ən böyük imkan isə Türk dünyasının inteqrasiyasına əlavə təkanın verilməsidir. Azərbaycan-Mərkəzi Asiya ortaqlığı avtomatik olaraq Türk dünyasının inteqrasiyasını da sürətləndirəcək. Bu isə yalnız siyasi birliyin deyil, eyni zamanda iqtisadi, nəqliyyat, enerji və humanitar bağlantıların dərinləşməsi, daha praktik və nəticəyönlü əməkdaşlığa nail olunması deməkdir. Odur ki, siyasi bəyanatlardan sonra indi əsas məsələ iqtisadi inteqrasiyanı, nəqliyyatı, gömrük prosedurlarını, enerji bağlantılarını və rəqəmsal əlaqəni dərinləşdirməkdir. Azərbaycan-Mərkəzi Asiya xətti bu prosesi sürətləndirən əsas sütunlardan biri ola bilər. Çünki əməkdaşlıq artıq sadəcə bəyanat deyil, institusional mexanizmlərlə dəstəklənir. Siyasi etimad və oxşar tarixi-mədəni kodların mövcudluğu isə münasibətləri yalnız iqtisadi deyil, həm də identik əsasda gücləndirir. Qarabağın bərpası çərçivəsində Qırğızıstan, Qazaxıstan və Özbəkistan Ağdamda, Füzulidə və digər şəhərlərdə məktəblər inşa etməsi, müəssisələr açması isə təkcə humanitar dəstək deyil, həm də qarşılıqlı etimadın, Türk dünyasında mənəvi həmrəyliyin rəmzidir. Bu cür addımlar tərəflər arasında birlik və əməkdaşlığı daha da dərinləşdirir.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfərinin nəticələri onu göstərir ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlər artıq taktiki əməkdaşlıq səviyyəsindən çıxaraq strateji inteqrasiya mərhələsinə daxil olur. Bu proses təkcə diplomatik yaxınlaşma deyil, həm də iqtisadi, nəqliyyat, enerji, təhlükəsizlik və mədəni-humanitar sahələrdə vahid baxışın güclənməsi deməkdir. Bu kontekstdə dövlətimizin başçısının “Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib” fikri son dərəcə önəmli siyasi formuladır. Bu ifadə regionun gələcəyinə dair yeni yanaşmanın göstəricisidir. Burada əsas ideya ondan ibarətdir ki, Azərbaycan Xəzər hövzəsi vasitəsilə Mərkəzi Asiya ilə coğrafi olaraq birləşir, amma artıq bu bağ yalnız xəritə üzərindəki yaxınlıqla məhdudlaşmır. Səfərlərin intensivliyi, dövlət başçıları arasında müntəzəm təmaslar, birgə institutların yaradılması və investisiya layihələri bu yaxınlığın real məzmununu formalaşdırır. Eyni zamanda, İlham Əliyevin Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Görüşündə Azərbaycanın məşvərət formatının fəal üzvü olacağını deməsi ölkənin regional proseslərdə passiv müşahidəçi deyil, aktiv formalaşdırıcı rol oynamaq niyyətini göstərir. Bu, Bakının Mərkəzi Asiyada baş verənləri sadəcə izləmədiyini, əksinə, həmin proseslərin institutlaşmasına fəal töhfə vermək istədiyini ortaya qoyur. Müşahidələr göstərir ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri bir-birini artıq sadəcə ənənəvi dost ölkə kimi deyil, ortaq gələcək quran müttəfiqlər kimi görürlər.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.