Slovakiya enerji təminatı baxımından sırf xarici mənbələrdən asılı olan bir ölkə kimi, Orta Dəhlizin və Azərbaycanın əhəmiyyətini yüksək qiymətləndirir
Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana, xüsusən də Şuşaya səfəri həm siyasi, həm də iqtisadi baxımdan çoxşaxəli mesajlar daşıyır. Əvvəlcə ondan başlayaq ki, Prezident İlham Əliyev slovakiyalı həmkarı Peter Pelleqrinini nə üçün məhz Şuşada qəbul etdi? Əliyevin Pelleqrinini Şuşada qəbul etməsi ilk növbədə iki mühüm mesajı ehtiva edir – birincisi, siyasi tanınma, ikincisi isə gələcəyə baxış müstəvisindən. Şuşa sadəcə mədəniyyət paytaxtımız deyil, həm də Azərbaycanın suverenliyinin və qələbəsinin simvoludur. Slovakiya kimi bir NATO ölkəsinin rəhbərinin Şuşaya səfəri, Azərbaycanın bu ərazilər üzərindəki tam nəzarətinin və burada apardığı bərpa proseslərinin beynəlxalq səviyyədə legitimliyinin tanınması deməkdir. Gələcəyə baxış dedikdə isə Şuşanın yalnız tarixi bir şəhər yox, Azərbaycanın “yaşıl enerji” və “ağıllı şəhər” konsepsiyalarının mərkəzi olduğu nəzərdə tutulur. Avropadan gələn ali qonağın Şuşada qəbul edilməsi rəsmi Bakının Avropa İttifaqındakı (Aİ) tərəfdaşlarımıza “bura gələcəyin əməkdaşlıq meydanıdır” mesajını çatdırır.
Pelleqrininin səfəri, Azərbaycanın Avropa İttifaqı ilə dialoq və əməkdaşlığını təkcə ənənəvi tərəfdaşlarla deyil, həm də Mərkəzi Avropa dövlətləri ilə daha dərindən və şaxələndirilmiş şəkildə qurduğunu nümayiş etdirir. Bu, ölkəmizin beynəlxalq müstəvidə artan “orta güc” statusunun və diplomatik çevikliyinin göstəricisidir. Bu gün Slovakiya ilə Azərbaycan arasında əməkdaşlıq təkcə siyasi dialoqla məhdudlaşmır. İki ölkə enerji, nəqliyyat, müdafiə sənayesi, iqtisadiyyat və humanitar sahələrdə bir sıra konkret layihələr həyata keçirir. Slovakiya Prezidentinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında son illərdə intensivləşən siyasi dialoqun və iqtisadi əməkdaşlığın məntiqi davamıdır. Bu səfərin məhz indi baş tutması, Avropanın enerji təhlükəsizliyi və Cənubi Qafqazda formalaşan yeni reallıqlar fonunda təsadüfi deyil.
Bu baxımdan, Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfərinin niyə məhz indi baş tutması, Slovakiyanın nəyə görə Azərbaycanla əlaqələrin inkişafına xüsusi maraq göstərməsi və eyni zamanda, Azərbaycan üçün Slovakiya ilə əlaqələrin hansı perspektivləri vəd etməsi xüsusi aktuallıq kəsb edir. Bəs, bu səfəri özəl edən nədir? Pelleqrininin öncə Şuşaya, daha sonra isə Xankəndi və Bakıya səfərini özəl edən əsas amil Avropa İttifaqı (Aİ) daxilində Azərbaycanla enerji əməkdaşlığına strateji yanaşan ölkələrin dairəsinin genişlənməsidir. Slovakiya öz enerji balansını şaxələndirməyə çalışır və Azərbaycan bu prosesdə etibarlı tərəfdaş kimi çıxış edir. Slovakiya enerji təminatı baxımından sırf xarici mənbələrdən asılı olan bir ölkə kimi, Orta Dəhlizin və Azərbaycanın əhəmiyyətini yüksək qiymətləndirir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.