Məscidlərimizin dağıdılmasını, təhqir olunmasını qlobal İslam platformasında dilə gətirmək, Azərbaycanın İslam dünyasının müqəddəs dəyərlərinin müdafiəçisi rolunda çıxış etdiyini sübut edir

16 illik aradan sonra Azərbaycan bu gün yenidən bütün İslam dünyasının mötəbər tədbirlərindən birinə ev sahibliyi edir. Söhbət 2010-cu ildə Bakıda ilk dəfə keçirilən İslam İnkişaf Bankı Qrupunun (İİB) illik iclasından sonra bu gün İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantısına təkrar ev sahibliyi etməyimizdən gedir. Bu sammit müsəlman ölkələrinin işgüzar çevrələrini, bank-maliyyə strukturlarını birləşdirən ən elit və nüfuzlu platforma sayılır. Prezident İlham Əliyev bu gün həm İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir başda olmaqla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul etdi və Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında tərəfdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayaraq ölkəmizdə mövcud olan əlverişli investisiya mühitinin Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlarla birgə layihələr həyata keçirmək baxımından əhəmiyyətini qeyd etdi, həm də ölkəmizlə İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casiri “Dostluq” ordeni ilə təltif etdi.

Daha sonra İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında Prezident İlham Əliyev həm ölkəmiz üçün, həm də İslam dünyası üçün bir sıra mühüm məqamlara toxundu. Dövlətimizin başçısının çıxışında üç məqam xüsusilə diqqət çəkir. Birincisi, bizim bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməyimizi önə çəkən Prezident İlham Əliyev bu istiqamətdə ilk addımlardan biri kimi 2010-cu ildə Bakıda İslam İnkişaf Bankı Qrupunun illik iclasının keçirildiyini xatırlatdı. Həmçinin 2024-cü ildə COP29 tədbirinə, bu yaxınlarda isə Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etdiyimizi yada salan dövlətimizin başçısı, bütün bunların bizim fəaliyyətimizin gündəliyinin kifayət qədər çoxşaxəli olduğunu göstərdiyini bildirdi. Bu, həm də dostlarımızın sayının ilbəil artmasının göstəricisidir. Prezidentin toxunduğu ikinci mühüm məqam da məhz bu amillə bağlıdır. Dövlətimizin başçısı qürur hissilə bəyan etdi ki, dostlarımızın sayı ilbəil artır: “Regional səviyyədə və qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan bir çox aspektlər baxımından artıq mühüm iştirakçıya çevrilib. Müstəqil siyasət sayəsində biz beynəlxalq ictimaiyyətin dəstəyini qazandıq və dostlarımızın sayı ilbəil artır”.

Prezident İlham Əliyevin İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində bu fikirləri vurğulaması, həm beynəlxalq platformanın xarakteri, həm də Azərbaycanın hazırkı xarici siyasət prioritetləri ilə bağlı dərin strateji məntiqə malikdir. Bu çıxışın seçilmiş auditoriya üçün daşıdığı əhəmiyyət özünü ilk növbədə beynəlxalq nüfuzun və təşkilatçılıq qabiliyyətinin nümayişində ehtiva edir. Prezidentin COP29 və Ümumdünya Şəhərsalma Forumu kimi irimiqyaslı tədbirləri xatırlatması, Azərbaycanın sadəcə regional oyunçu deyil, qlobal səviyyədə dialoq platformalarına ev sahibliyi edən, etibarlı və effektiv tərəfdaş olduğunu İİB-yə üzv ölkələrin təmsilçilərinə çatdırmaq məqsədi daşıyır. Bu, Azərbaycanın öz beynəlxalq gündəliyinin çoxşaxəliliyini və İİB ilə əməkdaşlığının təbii, uğurlu bir inkişaf yolu olduğunu göstərir.

Eləcə də dövlət başçısının bu çıxışında siyasi müstəqillik və dostların artması faktoru qabarıq vurğulandı. Azərbaycanın “müstəqil siyasət” və “artan dostlar sayı” vurğusu, İslam dünyası ilə olan əlaqələrin qarşılıqlı hörmət və suverenlik prinsipləri üzərində qurulduğunu təsdiqləyir. İslam İnkişaf Bankı çərçivəsində bu mesajı vermək, Azərbaycanın İslam dünyası daxilindəki nüfuzunu möhkəmləndirmək, siyasi müstəqilliyini bir dəyər kimi önə çəkmək və beynəlxalq ictimaiyyətdəki mövqeyini daha da rəsmiləşdirmək üçün strateji bir platformadır. Bu baxımdan, biz bu çıxışın İslam dünyasında Azərbaycanın strateji mövqeyini daha da gücləndirəcəyini düşünürük. Cənab Prezident bu çıxışı ilə Azərbaycanın iqtisadi və siyasi etibarlılığını bir daha qabarıq şəkildə vurğuladı. Onun İİB-yə üzv ölkələrlə keçirilən bu toplantıda, Azərbaycanın həm 2010-cu ildən bəri qazandığı təcrübəni, həm də COP29 kimi qlobal tədbirləri uğurla idarə etdiyini vurğulaması, ölkənin İslam dünyası üçün bir “tərəqqi və idarəetmə nümunəsi” kimi qəbul olunmasına rəvac verir. Azərbaycanın məhz müstəqil siyasəti sayəsində dünyada, o cümlədən İslam coğrafiyasında dostlarının sayının artdığının vurğulanması isə ölkəmizin strateji müstəqilliyinin İslam dünyası tərəfindən dəstəkləndiyinin bir göstəricisidir.

Üçüncü önəmli məqam isə torpaqlarımızın 30 ilə yaxın davam edən işğalı dövründə işğalçı Ermənistanın xalqımıza, şəhərlərimizə qarşı etdiyi vəhşiliyin, məscidlərimizə qarşı vandalizmin tədbir iştirakçılarının diqqətinə çatdırılmasıdır. Prezident İlham Əliyev bildirdi ki, “Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza, şəhərlərimizə qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq, 65 məscidin dağıdılmasını yaddan çıxarmayacağıq. Onların məscidlərimizdə donuz və digər heyvanlar saxladıqlarını heç zaman yaddan çıxarmayacağıq”. Bu sözlərin Prezident İlham Əliyev tərəfindən məhz İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısında səsləndirilməsinin dərin mənəvi və siyasi əhəmiyyəti var. Məscidlərimizin dağıdılmasını, təhqir olunmasını qlobal İslam platformasında dilə gətirmək, Azərbaycanın İslam dünyasının müqəddəs dəyərlərinin müdafiəçisi rolunda çıxış etdiyini sübut edir. Prezident İlham Əliyevin bu mesajı dəyərlərimizi birlikdə qorumağın vacibliyini göstərir.

Bu, eyni zamanda, İslam Həmrəyliyinə dəvətdir. Prezidentin işğal dövründə məscidlərin dağıdılması və təhqir edilməsi ilə bağlı xatırlatması məhz İslam İnkişaf Bankı Qrupunun toplantısında xüsusi mənaya malikdir. Bu, sadəcə tarixi bir faktın bəyanı deyil, həm də bütün müsəlman ölkələrinə ünvanlanmış həmrəylik çağırışıdır. İslam dünyasının ortaq dəyəri olan məscidlərin işğalçı qüvvələr tərəfindən məqsədyönlü şəkildə təhqir olunması faktını məhz müsəlman ölkələrinin rəsmiləri qarşısında qaldırmaq, Azərbaycanın İslam dünyası ilə mənəvi və dini həmrəyliyini bir daha ortaya qoyur və eyni zamanda, işğalın mahiyyətini diqqətə çatdırır. Burada məqsəd Ermənistanın işğal dövründə İslamın müqəddəs ocaqlarına qarşı törətdiyi vəhşilikləri ən yüksək səviyyədə, beynəlxalq müsəlman auditoriyasına çatdıraraq, Azərbaycanın keçdiyi çətin yolu və bu gün quruculuq apardığı ərazilərin əvvəlki durumunu xatırlatmaq idi.

Beləliklə, bu çıxış Azərbaycanı müsəlman dünyasında həm ənənəvi dəyərlərinə sadiq, həm də müasir, inkişaf etmiş və beynəlxalq arenada söz sahibi olan bir dövlət kimi möhkəmləndirir, Azərbaycanın İslam dünyasındakı rolunu gücləndirir. Prezidentin mesajları İslam dünyası ilə olan əlaqələri siyasi və ya iqtisadi müstəvidən mənəvi-dini müstəviyə daşıyaraq, strateji tərəfdaşlığın dərinliyini artırır. Bakıda keçirilən mötəbər toplantı Azərbaycanın İslam dünyasındakı liderlik missiyasını, dünyəvi və islami dəyərləri uğurla balanslaşdıran bir dövlət imicini təsdiqləyir. Dövlətimizin başçısı bu platformadan istifadə edərək, həm Azərbaycanın müasir uğurlarını, həm də tarixi ədalətsizliklə mübarizəsini beynəlxalq İslam ictimaiyyətinin diqqətinə bir daha çatdırmış oldu.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »