Türk dünyasının inteqrasiyasının gücləndirilməsi məsələsində bütün Mərkəzi Asiya türk dövlətlərinə sözün yaxşı mənasında örnək ola bilər
Bu gün postsovet məkanında “rus dünyası” propoqandasının və rus dilinin basqısından əziyyət çəkən ölkələrdən biri də Qırğızıstandır. Bu ölkənin rəsmi dövlət dili (qırğız dili və ya qırğız türkcəsi) hələ də rus dilinin kəskin rəqabəti ilə üzləşməkdədir. Qırğızıstanın təhsil naziri Dogdurgul Kendirbayeva ölkədə təhsilin vəziyyəti ilə bağlı açıqlama verərkən ölkədə şagirdlərin 50 faizindən çoxunun qırğız dilində əsas oxu səviyyəsinə çata bilmədiyini çox ciddi problem kimi qeyd edib.
“Qırğızıstanda şagirdlərin 50%-dən çoxu qırğız dilində əsas oxu səviyyələrinə çata bilmir. Rus dili bir çox məktəblərdə əsas tədris dili olaraq qalır”, – deyə xanım nazir bildirib. O, eyni zamanda etiraf edib ki, hazırda “biz bunu dəyişdirmək istəmirik”. Müstəqil bir ölkədə şagirdlərin 50 faizinin öz ana dilini bilməməsi həm mədəniyyət, həm də milli kimlik baxımından həqiqətən də çox ciddi narahatlıq doğuracaq bir məsələdir. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də bir xalqın yaddaşı, tarixi və ruhudur. Bir toplumun öz dilini itirməsi onun öz köklərindən uzaqlaşması deməkdir. Qırğızıstan isə 35 ildir dövlət müstəqilliyini bərpa etməsinə baxmayaraq rus dili bu ölkədə öz hökmran mövqeyini saxlamaqla qırğız dilini sıxışdırmağa davam edir.
Dilin qorunması üçün ən təsirli yol həm milli dildə təhsil-tədris sisteminin gücləndirilməsi, həm mədəniyyət və incəsənət vasitəsilə təbliğ edilməsi, həm də gündəlik həyatın mərkəzinə gətirilməsi zəruridir. Bu üçü birlikdə işləsə, dilin gücü daha da artar. Çünki dilin gücü yalnız bir sahədə deyil, bütün həyatın damarlarında axmalıdır. Təhsil sistemi uşaqlara ana dilini sevdirib öyrətməlidir, gündəlik ünsiyyətdə insanlar onu təbii şəkildə işlətməlidir, incəsənət və mədəniyyət isə dilin ruhunu yaşatmalıdır. Bu üç sütun birlikdə möhkəm olarsa, dil yalnız qorunmaz, həm də inkişaf edər. Bu kontekstdə, Qırğızıstanda gənclərin musiqi, kino və ədəbiyyatda öz dilində fəal yaradıcılıq təması qurması həm dilin gündəlik istifadəsinə, həm də mədəniyyətin güclənməsinə təkan verə bilər. Təhsil isə bu prosesi daha da köklü şəkildə inkişaf etdirə bilər. Bu, təkcə Qırğızıstan üçün deyil, postsovet məkanının digər türk xalqları üçün də aktual bir məsələdir. Məsələn, Qazaxıstan və Özbəkistanda da ikidillilik problemi qalmaqda davam edir.
Azərbaycanda isə digər türk dövlətləri ilə müqayisədə durum daha qənaətbəxşdir. Biz həm rus dilinin basqısından, həm də kiril əlifbasının asılılığından çoxdan qurtulmuşuq. Düzdür, rus bölməsinin olduğu məktəblərin sayı hələ də çoxdur və övladlarını rus dilində təhsil almağa yönəldən valideynlər də az deyil, lakin ümumən götürdükdə isə, Azərbaycan istər öz ana dilimizin dominant olması məsələsində, istər yer və küçə adlarının milliləşdirilməsində, istərsə də Türk dünyasının inteqrasiyasının gücləndirilməsi məsələsində bütün Mərkəzi Asiya türk dövlətlərinə sözün yaxşı mənasında örnək ola bilər. Eləcə də Türk Dövlətləri Təşkilatının (TDT) daha güclü siyasi, iqtisadi, mədəni birliyə çevrilməsi istiqamətində atılan addımlar baxımından da Azərbaycan istər Mərkəzi Asiya dövlətlərindən, istərsə də qardaş Türkiyədən daha fəaldır. Azərbaycan bütün Türk dünyasının mənəvi, ideoloji mərkəzi rolunu oynayır. “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət konsepsiyası çərçivəsində Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləməyimiz isə mühüm strateji addımdır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.