Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev Prezident Administrasiyasında qəbul edilmişdir
Görüş barədə məlumat redaksiyamıza Partiyanın Mətbuat xidməti tərəfindən verilmişdir.
Cari ilin 1 iyun tarixində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə keçirilmiş görüş zamanı Partiyanın cari fəaliyyəti və perspektiv planları ilə yanaşı bir sıra digər məsələlər də müzakirə olunmuşdur.
Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının mühüm nəticələri, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində görülən işlər, habelə dövlət başçısının işğaldan azad olunmuş ərazilərə davamlı səfərlərinin əhəmiyyəti ətrafında söhbət aparılmışdır.
Xüsusi olaraq vurğulanmışdır ki, siyasi partiyaların geniş şəkildə Milli Məclisdə təmsil olunması ölkənin demokratik ənənələrinin inkişafına, həmçinin siyasi partiyaların ictimai nüfuzunun artmasına da müsbət təsir edir. Bildirilmişdir ki, 11 siyasi partiyanın Milli Məclisdə təmsil olunması faktı bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılan iqtidar-müxalifət siyasi dialoqunun təzahürüdür.
Partiya sədri bildirmişdir ki, ölkədə milli həmrəylik mühitinin qorunması prosesində partiyalara xüsusi rol ayrılır. Bunun nəticəsidir ki, partiyalar fəal siyasi instituta çevrilib, onların ictimai imici əsaslı şəkildə yaxşılaşıb, həmçinin partiyaların nümayəndələri siyasi diskussiyalarda fəal iştirak edir.
Elşad Musayev rəhbərlik etdiyi Böyük Azərbaycan Partiyası tərəfindən həyata keçirilən cari layihələr, habelə özünün parlamentdəki fəaliyyəti, o cümlədən qanunvericilik işində iştirakı haqqında geniş məlumat vermişdir.
Bu cür görüşlərin mütəmadi şəkildə təşkil olunmasının və əlaqələndirmənin aparılmasının partiyaların gələcək fəaliyyəti üçün olduqca səmərəli təcrübə olduğunu qeyd edən E.Musayev dövlət və dövlətçilik naminə əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğunu qeyd etmişdir.
Prezident Administrasiyasının rəsmisi Böyük Azərbaycan Partiyasının dövlətçilik mövqeyinin qorunmasında və siyasi dialoq prosesində fəal iştirakını yüksək qiymətləndirərək Partiyanın işinə uğurlar arzulamışdır.
Böyük Azərbaycan Partiyasının Mətbuat xidməti
Comments are closed.