Çin yarımkeçirici istehsalına 48 milyard dollar ayırdı

0

Çin ölkənin yarımkeçirici istehsalı sahəsinin inkişafını maliyyələşdirmək üçün 344 milyard yuan (48 milyard dollar) dəyərində fond yaradıb.

İctimai Rəy Musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı The Wall Street Journal yayıb.

Məlumata görə, fondun yaradılması sənayeyə dəstək layihəsinin üçüncü mərhələsidir. Onun resursları əvvəlki iki mərhələdə – 2014 və 2019-cu illərdə ayrılan maliyyəni iki dəfə artıracaq.
Yeni fondda ən böyük pay Çinin Maliyyə Nazirliyinə məxsusdur – 17 faiz. Çinin beş aparıcı dövlət bankı – Industrial & Commercial Bank of China, China Construction Bank, Agricultural Bank of China, Bank of China və Bank of Communications hər biri 6 faizə sahibdir.

Qəzet yazır ki, son illərdə ABŞ səlahiyyətliləri Çinə qabaqcıl çiplərin, eləcə də yarımkeçirici komponentlərin istehsalı üçün avadanlıqların tədarükünü məhdudlaşdırıb. Eyni zamanda həm ABŞ, həm də digər ölkələr süni intellektin inkişafı kontekstində çiplərə tələbatın kəskin artması fonunda sənayeni dəstəkləmək üçün tədbirlər görür. Belə ki, aprel ayında Samsung Electronics və Taiwan Semiconductor Manufacturing Co. (TSMC) Amerika hakimiyyət orqanlarından ABŞ-da istehsal müəssisələrinin inkişafı üçün müvafiq olaraq 6,4 milyard və 6,6 milyard dollar məbləğində maliyyə vəsaiti alıb. Cənubi Koreya hakimiyyəti keçən həftə çip istehsalçılarını dəstəkləmək üçün 19 milyard dollar dəyərində tədbirlər paketi elan edib.

WSJ qeyd edir ki, Çin çip istehsalçıları yerli təchizat zəncirlərinin yaradılmasına və qabaqcıl çiplərin inkişafına investisiyaları da artırırlar.

Qlobal sənaye qurumu SEMI-nin məlumatına görə, Çin şirkətləri bu il sənayenin istehsal gücünü 12 faiz artıraraq 18 yeni çip layihəsini işə salacaqlar. Qurum bildirir ki, Çin şirkətləri keçən il 30 milyard dollardan çox dəyərində çip istehsal edən avadanlıq alıblar ki, bu da rekord məbləğdir və qlobal alışların təxminən üçdə birini təşkil edir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »