Bolqarıstan da Azərbaycanla sıx əməkdaşlığa yüksək dəyər verir və ədalətli mövqeyimizi dəstəkləyir

0

Azərbaycanın Avropa İttifaqına (Aİ) üzv olan ölkələr arasında ikitərəfli əlaqələrin geniş spektrdə inkişaf etdirilməsində maraqlı olduğu ölkələrdən biri də Bolqarıstandır. Və bu maraq qarşılıqlıdır. Bu gün Macarıstan, Serbiya, Çexiya, Slovakiya kimi ölkələrlə bərabər, Bolqarıstan da Azərbaycanla sıx əməkdaşlığa yüksək dəyər verir və ədalətli mövqeyimizi dəstəkləyir. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin mayın 8-də Azərbaycana gerçəkləşdirdiyi rəsmi səfəri iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə təkan verəcək.

Bolqarıstan Prezidenti Rumen Radevin Prezident İlham Əliyev ilə birlikdə mətbuata bəyanatında səslənddirdiyi kimi, bizi ənənəvi dostluq, anlaşma və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir. Biz ən yüksək səviyyədə siyasi-strateji dialoq aparırıq və bu dialoqumuz təkcə bizim ölkələrimizin deyil, Qafqaz və Qara dəniz hövzəsinin də iqtisadi firavanlığının təmin olunmasına yaxşı zəmin yaradır, bütölükdə isə Avropanın enerji təhlükəsizliyinə töhfə verir.

Azərbaycan müstəqil, ləyaqətli və suveren xarici siyasət yürüdən bir ölkə kimi tanınır və ölkəmizin bu kursu müstəqil və ləyaqətli siyasət yürütməyə can atan digər ölkələr üçün də müsbət nümunədir. Bu həqiqəti bu günlərdə Bakıda səfərdə olan Slovakiyanın Baş naziri Robert Fitso da etiraf etdi: “Azərbaycandakı vəziyyəti maksimum şəkildə obyektiv işıqlandırmalıyıq. Siz suveren ölkəsiniz. Azərbaycanın ləyaqətli və suveren xarici siyasəti bizim üçün nümunədir. Siz ədalətsizliyə sinə gərirsiniz. Mən eyni yanaşmanı Slovakiyada tətbiq etməyə çalışacam ki, Slovakiya da suveren xarici siyasət apara bilsin. Bizim kimi ölkələr bir araya gəldikdıə nəticələr çox gözəl ola bilər”.

Bolqarıstan da Slovakiya kimi, Macarıstan kimi müstəqil, suveren siyasət yürütməyə və Aİ-nin boyunduruğu altına düşməməyə çalışır. Düzdür, hazırkı qlobal geosiyasi təlatümlər və qütbləşmə fonunda bu mövqeyi ardıcıllıqla yürütmək elə də asan məsələ deyil. Lakin Bolqarıstan ilk növbədə Aİ-nin yox, öz milli maraqlarından çıxış edir. Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib.

Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı kimi Bolqarıstan-Azərbaycan əməkdaşlığının bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir: “Təkcə onu demək kifayətdir ki, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Bizim hesablamalarımız onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Yəni, bu gün Azərbaycan Avropa Komissiyasının dili ilə desək, Panavropa qaz təchizatçısı kimi fəaliyyətini Avropa məkanında genişləndirir və enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz dəstəyini əsirgəmir”.

Şübhəsiz ki, ikitərəfli əməkdaşlığın genişləndirilməsinin əsas məqsədi daha yaxşı nəticələr əldə etməkdir və bu gün biz həmin nəticələri həm ticarət dövriyyəsinin artımında, həm də energetika sahəsindəki əməkdaşlıqda görürük. Bolqarıstan Prezidentinin Bakıya səfərinin real nəticələrindən biri də odur ki, strateji tərəfdaşlığımızın artıq gücləndirilmiş versiyası rəsmən qəbul edilib, təsdiqləndi. Söhbət strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamənin imzalanmasından gedir.

İlham Əliyevin qeyd etdiyi kimi bu gün Bolqarıstanla Azərbaycan arasında heç bir məsələdə fikir ayrılığı yoxdur və bizim məqsədimiz ikitərəfli əməkdaşlığı dərinləşdirmək, yeni məzmunla zənginləşdirmək və strateji tərəfdaşlar kimi birgə səylər göstərməkdir. Birgə Bəyannamə Bolqarıstan-Azərbaycan münasibətlərini ən yüksək strateji əməkdaşlıq səviyyəsinə qaldıran bir sənəd kimi xüsusi əhəmiyyətə malikdir. Biz hər bir ölkə ilə əməkdaşlığımızın genişləndirilməsini ilk növbədə möhkəm siyasi zəmin üzərindən həyata keçiririk. Və bu da ən düzgün, səmərəli taktikadır. Çünki qarşılıqlı etimada əsaslanan siyasi əməkdaşlıq olmadan digər sahələrdə heç bir uzunmüddətli əməkdaşlıqdan söhbət belə gedə bilməz. Bu mənada Slovakiyanın ardınca Bolqarıstanla da münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyimiz əlaqələrimizin gələcəyi üçün etibarlı zəmindir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »