Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları ölkəmizin su ehtiyaclarının ödənilməsində mühüm rol oynaya bilər

0

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklik konfransı olan “Conference of the Parties” (Tərəflərin Konfransı) 29-cu iclasına (COP29) ev sahibliyi etməyə hazırlaşan bir ölkə olaraq Azərbaycanın qlobal iqlim dəyişmələri və suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə məsələsini prioritet məsələlərdən biri kimi diqqət mərkəzində saxlaması və bu sahədə davamlı tədbirlər həyata keçirməsi, layihələr icra etməsi tamamilə təbii haldır. Aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasiminin keçirilməsi də bu qəbildən olan tədbirlərdən biridir. Təsadüfi deyil ki, sözügedən təməlqoyma mərasimində dövlət başçısı İlham Əliyev də iştirak etdi. Bu da ölkədə su təminatının yaxşılaşdırılmasına dövlət səviyyəsində nə dərəcədə yüksək önəm verilməsinin göstəricisidir.

Şirvan kanalı ölkənin ikinci ən böyük torpaq məcralı kanalı hesab olunur. 8 rayonun əkin sahələrini suvarma suyu, yaşayış məntəqələrini isə məişət suyu ilə təmin edən bu kanal son 65 il ərzində fasiləsiz istismar olunduğuna görə kanalın yenidən qurulmasına və səmərəliliyinin artırılmasına ciddi ehtiyac yaranmışdı. Bu baxımdan dövlətin hərəkətə keçməsi və bu istiqamətdə operativ tədbirlərin görülməsinə start verilməsi təqdirəlayiq addımdır. Yenidənqurma işlərinin başa çatdırılmasından sonra Şirvan kanalının su təchizatı arealı daha da genişlənəcək. Belə ki, əvvəlki dövrlərdə 8 rayonun əkin sahələrini su ilə təmin edən bu kanal, indi 10 rayonu əhatə edəcək. Bu da bölgədə yaşayan insanların məşğulluğu üçün əlverişli şərait yaradılmasına imkan verəcək. Ona görə də təməlqoyma mərasimində çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında heç şübhəsiz ki, Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır. Çünki bu kanal bizim ən böyük – suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaq.

Dövlət başçımızın bildirdiyi kimi biz mühüm həyati əhəmiyyətli belə layihələrin icrası ilə bu sahəyə yeni nəfəs gətiririk. Belə ki, Şirvan kanalının yenidən qurulması ilə eyni zamanda, Qarabağ kanalının da inşası ilə əlaqədar sərəncam imzalanıb. Qarabağ kanalının inşasına gələn ildən başlanılacaq. 115 min hektarı əhatə edəcək kanal gələcəkdə 9 rayonun su ilə təminatına imkan verəcək. Beləliklə, 10 rayonumuzun əkin sahələri Şirvan kanalı vasitəsilə, 9 rayonun əkin sahələri isə Qarabağ kanalı vasitəsilə suvarılacaq. Həmçinin növbəti illərdə də hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifə içməli su layihələri və suvarma layihələrinin icrası olacaq. Artıq qəbul edilmiş dövlət proqramı əsasında yaxın illərdə Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək. Dünyada kəskin su qıtlığının yaşandığı hazırkı məqamda bu layihələr əhalimizin su təminatının yaxşılaşdırılmasına mühüm təsir göstərəcək.

Prezident İlham Əliyev çıxışında haqlı olaraq qeyd etdi ki, Azərbaycan güclü dövlətdir, öz gücünə, imkanlarına arxalanan dövlətdir. Bu da bizə imkan verir ki, işğaldan azad olunmuş ərazilərdə də böyük layihələr həyata keçirək. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları ölkəmizin su ehtiyaclarının ödənilməsində mühüm rol oynaya bilər. Ona görə də bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı işlərin, icra olunan infrastruktur layihələrinin sayəsində, su ehtiyatları məhdud olan Azərbaycan yaxın gələcəkdə bu sahədə də özünü tam təmin edə biləcək. Sözügedən infrastruktur layihələri arasında içməli su layihələri və suvarma layihələrinə də geniş yer verildiyini bildirən dövlət başçısı nəzərə çatdırdı ki, bu layihələrin icrası hesabına erməni işğalına görə 30 il ərzində sudan məhrum olmuş bir neçə rayona su veriləcək.

Yeri gəlmişkən, bir müddət əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının açılışı olub. Füzuli rayonundakı Köndələnçay su anbarının da yaxın gələcəkdə açılışı olacaq. Həmçinin hazırda Zabuxçay su anbarının inşası gedir. Suqovuşan su anbarı demək olar ki, tamamilə yenidən qurulub. Bundan başqa Qarabağ və Şərqi Zəngəzurda digər böyük suvarma layihələri də nəzərdə tutulur. Belə ki, Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi nəzərdə tutulur. Olduqca böyük vəsait tələb edən bu layihələrin hər birinin ölkəmizin su təminatı üçün xüsusi əhəmiyyəti var. Dövlət başçısı da çıxışında əminliklə bildirdi ki, bu layihələrin hamısı icra ediləcək və beləliklə, su ehtiyatları məhdud olan Azərbaycan sı qıtlığını tamamilə aradan qaldıra biləcək.
Prezident onu da vurğuladı ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının – çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Ona görə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı da geniş vüsət almaqdadır. “Böyük Qayıdış” Proqramı əsasında öz yurdlarına qayıdan vətəndaşlarımız da artıq bu işlərə cəlb olunurlar. Yaxın gələcəkdə ən müasir texnologiyaların tətbiqi nəticəsində Qarabağ və Şərqi Zəngəzurda həm taxılçılıq, həm də meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq.

Dövlət başçımızın qeyd etdiyi kimi biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək. Su olanda, yeni texnologiyalar tətbiq ediləndə, texnika, dövlətin dəstəyi, özəl sektorun fəaliyyəti – bütün bu amillər birləşəndə, şübhəsiz ki, olduqca böyük nəticələr əldə etmək mümkündür. Bütün bunlar həm aqrar sektorun inkişafını yeni bir səviyyəyə qaldırmağa, həm də vətəndaşlarımızın içməli su təminatını keyfiyyətcə daha da yaxşılaşdırmağa imkan verəcək. Bu baxımdan Azərbaycanı tam şanslı ölkə hesab etmək olar. Çünki indi dünyanın bir çox ölkələri kəskin su qıtlığı ilə üzləşməkdədir və həmin ölkələrin yerli hökumətləri bu problemi çözməkdə ciddi çətinlik çəkir. Bizim ölkəmizin daxili su ehtiyatları və bu sahədə həyata keçirilən infrastruktur layihələri isə imkan verir ki, gələcəkdə bu problemlə üzləşməyək.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »