NATO Baş katibinin Prezident İlham Əliyev tərəfindən COP29-a dəvət edilməsi təsadüfi deyil

0

NATO-nun Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz turnesi çərçivəsində Azərbaycana səfər etməsi heç şübhəsiz ki, dünyanın bu ən nüfuzlu hərbi bloku ilə Azərbaycan arasında əlaqələrin inkişafına yeni təkan verəcək. Bundan əvvəl NATO-Azərbaycan əlaqələri onsuz da kifayət qədər dinamik və səmərəli olub. Prezident İlham Əliyev də NATO-nun Baş katibi Y.Stoltenberqin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında ölkəmizin NATO ilə tərəfdaşlığının müsbət olduğunu və bu tərəfdaşlığın 30 ildən artıq davam edən uzun tarixə malik olduğunu vurğulayaraq, Alyansla aparılan dialoq və əməkdaşlığın bu gün də uğurla davam etdiyini diqqətə çatdırdı.

Azərbaycanın hazırda NATO ilə ən vacib əməkdaşlıq sahəsi “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsindədir. Belə ki, hər il sözügedən proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-ə qədər təlim və seminarda iştirak edirlər. NATO-nun yüksək rütbəli zabitlərinin bu proqram çərçivəsində Azərbaycana səfərləri artıq adi hala çevrilib. Azərbaycan həmçinin NATO ilə terror təhlükəsi ilə bağlı kəşfiyyat-informasiya mübadiləsi həyata keçirir və Terrorçuluğa qarşı mübarizə üzrə Tərəfdaşlıq Əməliyyat Planında iştirak edərək terrorçuluğa qarşı birgə mübarizə işinə böyük töhfə verir. Ölkəmizdə NATO-nun Beynəlxalq məktəbi də fəaliyyət göstərir.
Azərbaycan vaxtilə NATO-nun sülhməramlı missiyasının tərkibində dünyanın ən qaynar nöqtələrində – Kosovoda və Əfqanıstanda təhlükəsizlik və sabitliyin təmin olunmasında birbaşa iştirak edib. 2021-ci ilin yayında isə Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr məhz bizim hərbi qulluqçularımız olub ki, bu da bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir. Azərbaycan bu gün orduda aparılan islahatları da məhz NATO standartları üzrə həyata keçirir. Və bu prosesdə NATO-nun ən güclü üzv dövlətlərindən biri olan Türkiyə Azərbaycana fəal dəstək verir. Bu isə Azərbaycana öz müdafiə imkanlarını müasirləşdirməyə və peşəkar ordu quruculuğuna şərait yaradır.

Bir sözlə, bu gün ölkəmiz NATO ilə bir neçə mühüm istiqamətdə sıx əməkdaşlıq edir. Bu kontekstdə Baş katibin Bakıya səfəri NATO-Azərbaycan əməkdaşlığını daha da genişləndirməyə imkan verəcək. Təsadüfi deyil ki, Yens Stoltenberq də mətbuata bəyanatında NATO-Azərbaycan münasibətlərini yüksək səviyyədə dəyərləndirdi. Azərbaycan Prezidentinin Alyans rəhbəri ilə apardığı təkbətək və geniş tərkibdə görüşlər rəsmi Bakının NATO ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu göstərir. Bu o deməkdir ki, ölkəmiz Qoşulmama Hərəkatının prinsiplərindən çıxış edərək dünyanın bütün aparıcı güc mərkəzləri ilə bərabər münasibətlər saxlamağa və işgüzar əlaqələri davam etdirməyə üstünlük verir. Bu baxımdan Azərbaycanın Şimali Atlantika bloku ilə əməkdaşlıq münasibətlərini ən uğurlu, səmərəli münasibətlər sistemi hesab etmək olar.

Biz KTMT-nın və Avrasiya İttifaqının üzvü ola-ola, NATO-ya və Avropa İttifaqına (Aİ) can atan Ermənistan kimi avantürist ölkələrdən fərqli olaraq eyni zamanda iki stulda oturmağa çalışmırıq. Bizim öz yolumuz var və NATO ilə əməkdaşlığımızın hazırkı formatı da Cənubi Qafqazda inam mühitinin yaradılmasına, sülh və təhlükəsizliyin təmin olunmasına imkan verir. Ümid edirik ki, Yens Stoltenberqin Ermənistan paytaxtında aparacağı danışıqlar da rəsmi İrəvanın destruktiv mövqedən əl çəkməsinə zəmin yaradacaq. Ermənistan rəhbərliyi başa düşməlidir ki, Fransanın və Avropa Parlamentinin qızışdırıcılığı və təhriki ilə sülh prosesini təxirə salmaq çıxış yolu deyil. Azərbaycan Prezidentinin səsləndirdiyi “Sülhə heç vaxt olmadığımız qədər yaxınıq” ifadəsi əslində birbaşa Ermənistan rəhbərliyinə ünvanlanıb. Ona görə də rəsmi İrəvan siyasi iradə nümayiş etdirməli və sülhün bərqərar olunması üçün real addımlar atmalıdır. İlham Əliyevin qeyd etdiyi kimi sülhün bərqərar olunması Cənubi Qafqazda çox ciddi dəyişikliklərə gətirib çıxaracaq. Paşinyan və onun komandası bu adi həqiqəti başa düşməlidir.

Azərbaycanın isə əldə etdiyi nəticələrlə kifayətlənmək, bir yerdə dayanmaq fikri yoxdur. NATO ilə gələcək əməkdaşlığımız həm də enerji təhlükəsizliyinin təmin olunması istiqamətində genişləndiriləcək. Dövlətimizin başçısının mətbuata bəyanatında vurğuladığı kimi hazırda NATO üzvü olan bir sıra ölkələr qaz təchizatı baxımından Azərbaycanın tərəfdaşlarıdır. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir. Qarşıdan gələn illərdə isə bu tərəfdaşlarımızın sayının daha da artacağı gözlənilir. Zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik olan Azərbaycan yaxın gələcəkdə Avropanın bərpaolunan enerji mənbələri ilə təminatında da mühüm rol oynayacaq. Eləcə də Azərbaycanın COP29-a ev sahibliyi edəcək ölkə olaraq yekdilliklə seçilməsi də iqlim dəyişikliklərinin yaratdığı qlobal təhlükələrə qarşı mübarizədə Azərbaycan-NATO əməkdaşlığını aktuallaşdırır. Bu mənada NATO Baş katibinin Prezident İlham Əliyev tərəfindən COP29-a dəvət edilməsi heç də təsadüfi deyil. Biz öz gücümüzə bələdik və qlobal proseslərdəki məsuliyyətimizi də yaxşı bilirik.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »