Türk xalqlarının milliləşmə səylərinə qarşı təhdidlər-DİL SAVAŞI

0

Beynəlxalq Ana dili Günündə bizim Mərkəzi Asiyadakı türk xalqlarından daha şanslı olduğumuzu xatırlatmağın da yeri var. Məsələ burasındadır ki, qazaxlar, qırğızlar, özbəklər və türkmənlər ötən əsrin 90-cı illəri, 2000-ci illərin əvvəllərində hələ “qış yuxusu”nda olanda Azərbaycanda demək olar ki, bütün sahələrdə soykökə qayıdış, milliləş(dir)mə, desovetizasiya və derusifikasiya siyasəti həyata keçirilməyə başladı. Sovet quruluşunu tərənnüm edən heykəllər söküldü, bolşeviklərin adına olan küçələr milli adlarla əvəzləndi, məşhur “26 Bakı kommisarı” memorial kompleksi demontaj olundu, gorbagor Leninin və Kirovun soyadları universitet və institutlarımızın adından silindi, rus-sovet qoşunları Azərbaycandan çıxarıldı. Və nəhayət, Kiril əlifbasından imtina etdik, yenidən Latına qayıtdıq.

Mərkəzi Asiyanın (o vaxtkı Orta Asiyanın) gənc müstəqil türk cümhuriyyətlərində isə bizim geridə qoyduğumuz bu proseslərin heç biri əfsuslar olsun ki, baş vermədi. Oradakı qandaşlarımız, qardaşlarımız bu məsələlərin həyata keçirilməsində çox gec qaldılar, 20-30 illik zaman itirdilər.

Və budur, son bir neçə ildə Qazaxıstan, Qırğızıstan və Özbəkistan buraxılımış boşluqları doldurmaq, desovetizasiya və derusifikasiya prosesini həyata keçirmək, milli identikliyi bərpa etmək, milli adlara və qazax, qırğız, özbək türkcəsinə qayıtmaq istiqamətində gec də olsa önəmli addımlar atmağa başlayıb. Daşkənddə, Bişkekdə və qazax şəhərlərində (Almatı, Astana, Aktau, Aktobe, Karaqanda, Pavlodar və s.) küçə adları tədricən milliləşdirilir, latın əlifbasına keçid istiqamətində hazırlıqlar görülür, mağazalarda və digər ictimai yerlərdə rus dilinin əvəzinə milli dillərdən istifadə edilməsi tələbləri eşidilməyə başlayır.

Az öncə də qeyd etdiyim kimi sözügedən respublikalar bu prosesi ən azından Azərbaycanla birlikdə keçməliydilər. Ancaq bütün bu proseslər o vaxt səbəblər üzündən tormozlandı. Və bu gün həmin respublikalarda milli kökə, milli dəyərlərə, milli adlara qayıtma istiqamətində atılan hər bir addım Rusiya tərəfindən “top-tüfəng”lə qarşılanır, qazaxların, qırğızların və özbəklərin türklüyün bərpasına dair istənilən təşəbbüsü ya Rusiyanın şovinist-millətçi dairələri tərəfindən, yadaki Rusiya XİN-in rəsmilərinin dili ilə millətçilik (nasizm) və rusofobiya kimi qiymətləndirilir.

Bəzi hallarda isə hətta Qazaxıstan, Qırğızıstan və Özbəkistanın Moskvadakı səfirləri Rusiya XİN-ə çağrılır, onlara nota təqdim olunur, “anti-Rusiya hərəkətlərinə son qoyulması” tələb edilir.

Ancaq Rusiya telekanallarında şovinist rus politoloqları, tarixçiləri tərəfindən Qazaxıstan ərazisinə iddialar irəli sürüləndə, habelə qazax, özbək və azərbaycanlıların 1917-ci il sosialist inqilabına qədər bir xalq kimi mövcud olmadığı barədə absurd iddialar irəli sürüləndə isə Rusiya XİN-in sözçüləri (xüsusən də Mariya Zaxarova) ya dərhal açıqlama verib bu iddiaların Rusiya dövlətinin rəsmi mövqeyi deyil, həmin ekspert”lərin öz şəxsi fikirləri olduğunu bildirir, yadaki ümumiyyətlə susmağa üstünlük verirlər.

Bu da Qərb dövlətləri kimi Rusiyanın da riyakarlığını və “ikili standart”lar siyasəti yürütdüyünü göstərir.
Rusiya Mərkəzi Asiya ölkələrində milli özünüdərkin və türklük şüurunun güclənməsini qətiyyən istəmir. Çünki imperiya təfəkküründən qurtula bilməyən, neokolonializmə can atan Kreml Mərkəzi Asiya ölkələrinə hələ də özünün “arxa bağça”sı kimi baxır. Çin, ABŞ və Avropa İtifaqının Mərkəzi Asiyanı öz təsir dairəsinə salmaq uğrunda geosiyasi mübarizəsinə həddindən artıq ağrılı reaksiya verən Putin qazax, qırğız və özbəklərin milliləşmə istiqamətində atdığı istənilən addımını Rusiya əleyhinə yönəlmiş təşəbbüs kimi qiymətləndirir və bu addımların qarşısını zorakı üsullarla, hədə-qorxu gəlməklə almağa çalışır. Kremlin “xozeyin”i Rusiya vətəndaşlığı alan miqrantlardan rus dilini öyrənmələrini tələb edir, ancaq keçmiş sovet respublikalarında yaşayan rusların isə həmin ölkələrin rəsmi dövlət dillərini öyrənmələrinin vacibliyi barədə bir kəlmə də danışmır.

Daşkənd Jurnalistika və kütləvi kommunikasiyalar Universitetinin rektoru, türkçü politoloq və jurnalist Şirzadxan Qüdrətxoca`nın bu günlərdə mətbuata verdiyi müsahibələrindən birində Özbəkistanda yaşayan rusların hələ də özbək dilini öyrənməmələrini haqlı olaraq tənqid etməsinin Rusiyanın millətçi və rəsmi dairələri tərəfindən aqressiv reaksiya ilə qarşılanması və bunun nasizm kimi qiymətləndirilməsi də bir daha rusların Mərkəzi Asiya respublikalarının müstəqilliyinə və suveremliyinə sayğısız yanaşdığını təsdiqləyir.

Lakin Mərkəzi Asiya türkləri bütün hallarda başladıqları bu yoldan əsla geri dönməməli, türklüyə qayıdış istiqamətində səylərini daha da gücləndirməli və TDT (Türk Dövlətləri Təşkilatı) çərçivəsində inteqrasiya proseslərinə sıx dəstək verməlidirlər. İlham Əliyevin söylədiyi kimi Türk dünyası hər bir türk dövlətinin ailəsidir. Və hər kəs bu ailəni daha da gücləndirməyə çalışmalıdır. Rusiya, ABŞ, Çin və Aİ kimi neoimperialist güclərdən qətiyyən qorxmaq lazım deyil.

P.S. Atdığınız addımlar yüyrək olsun, bəylər!

Bəybala Mirzəyev, araşdırmaçı jurnalist

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »