Qarabağdakı terrorçuların sayı və malik olduqları hərbi texnikanın miqdarı açıqlanıb: 10 mindən çox qanunsuz silahlı erməni, yüzdən çox tank və digər zirehli texnika, yaylım atəşli raket sistemləri də daxil olmaqla iki yüzdən çox ağır artilleriya qurğusu, onlarla müxtəlif radio-elektron mübarizə sistemi və iki yüzdən çox minaatan sistem; separatçılar radio-elektron mübarizə sistemləri vasitəsilə mülki təyyarələrin uçuşuna da problem yaradır.
İctimai Rəy xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.
“Rəsmi Bakı bunu Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə açıqlayıb. Beləliklə, faktlar beynəlxalq ictimaiyyətə təqdim edilir və əməliyyat zərurəti yaranacağı təqdirdə, “Qarabağ xalqına hücumu qəbul etməyəcəyik” deyən ABŞ və onun timsalında qarşı çıxanlara terrorçuların konkret sayı, malik olduqları hərbi potensial göstərilir.
10 minlik silahlı və yüzlərlə hərbi texnikası olan dəstəyə qarşı mümkün əməliyyatın miqyası da kiçik olmayacaq”, – o bildirib.