Kadırovun ölümü nəyi dəyişəcək? – Şevçenko

0

Ramzan Kadırovun həyatı və xəstəliyi ətrafında yaranan isteriya, hay-küy bir qədər qəribədir. Əsasən liberal, Ukrayna və Qərb mediası təlaşa düşür. Onlar istəyirlər ki, dünya uydurduqları kainat obrazına uyğun olsun. Bununla bağlı bir neçə məqama aydınlıq gətirim.

İctimai Rəy xəbər verir ki, bunu rusiyalı jurnalist və politoloq Maksim Şevçenko deyib.

“Kadırov ailəsi, ətrafındakı hər kəs kimi, mömin müsəlmandır. Əgər vəfat edərsə, o, ölüm günü gün batmazdan əvvəl ailə qəbiristanlığında dəfn ediləcək. Əgər o, Çeçenistanda deyilsə, o zaman ölümü elan edilərək vətəninə aparılacaq. Onun ölümünü gizlətmək mümkün olmayacaq. Çeçenlər belə şeylərlə zarafat etmirlər.

Müasir Çeçenistan Rusiya dövlətinin, onun bütün xüsusi xidmət orqanlarının, hüquq-mühafizə orqanlarının və dövlət institutlarının mühüm sistem hissəsidir. Heç bir formada dövlətdən ayrı mövcud deyil. Kadırovun ölümü müasir Rusiyada çeçen amilinin roluna və əhəmiyyətinə təsir etməyəcək. O, təkbaşına deyil (Kadırovun rəqibləri bunu istəsələr də). Kadırov tamamilə Putinin yaratdığı sistemə daxildir. Kadırov atasının ölümündən sonra çətin, bəzən də amansız yol keçmiş, qeyri-adi və sərt insandır. Onun çoxlu düşmənləri var. Amma onun ölümü heç nəyi dəyişməyəcək. Rusiyada və Qafqazda Çeçenistanın rolu və çeçen faktoru dəyişməyəcək. Respublikada vəziyyətin qeyri-sabit olacağına və bundan istifadə oluna biləcəyinə inananların şansı azdır”, – o bildirib.

Qeyd edək ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun “sağalmaz xəstəlikdən” komaya düşdüyü, hətta öldüyü barədə iki gündür xəbərlər yayılır. Kadırov Teleqram kanalında isə ötən gün günorta saatlarında bu şayiələrə cavab olaraq idmanla məşğul olduğunu əks etdirən görüntü paylaşmışdı.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »