Saz bu gün məclislərimizin yaraşığıdır

0

Musiqi alətləri xalqın tarixi, mədəniyyət və mənəviyyat abidəsidir. Azərbaycanın xalq musiqi alətləri çox qədim və zəngin bir tarixə malikdir. Xalqımıza məxsus hər bir alət özündə tarixin silinməz izini daşıyır. Azərbaycan ərazisində ən qədim zamanlarda musiqi alətləri mövcud olub. Qobustandakı qavaldaşı, Mingəçevirdə tapılmış balabana oxşar musiqi aləti bu fikri təsdiq edir. Azərbaycan xalqı lap qədim zamanlardan hələ zəngin musiqi mədəniyyətinə malik müxtəlif növ musiqi alətləri yaratmışdır. Azərbaycan xalq çalğı alətlərinin ən qədimi Qobustanda “qaval çalan daş” hesab olunur. Bu qayanı əl və yaxud hər hansı bir cisimlə döyəclədikdə, qavalın tembrinə uyğun səslər alınır. Belə güman edilir ki, həmin qaya parçası ulu əcdadlarımız tərəfindən zərb aləti kimi istifadə olunduğundan bu günümüzə “Qaval daşı” adı ilə gəlib çatmışdır.

Musiqi alətləri haqqında məlumatlar Azərbaycan klassiklərinin əsərlərində, Azərbaycan ədəbiyyatında, xalq dastanlarında, eləcə də musiqişünasların əsərlərində cəmləşmişdir. Nizaminin, Füzulinin, Nəsiminin, Xaqaninin poemalarında, qəzəllərində xalq çalğı alətlərinin adları çəkilmiş, miniatür məktəbi rəssamlarının əsərlərində isə onların təsvirləri verilmişdir. Sonrakı dövrlərdə onların bəziləri tədricən aradan çıxmış, digərləri isə təkmilləşərək daha geniş yayılmışdır.

Qədim alətşünaslıq mədəniyyəti haqqında məlumat orta əsr musiqi nəzəriyyəçilərinin, o cümlədən, orta əsr musiqi elminin inkişafında əsas yer tutan Səfiəddin Urməvi (XIII əsr) və Əbdülqadir Marağainin (XIV-XV əsrlər) əsərlərində verilir. Burada bu və ya digər musiqi alətlərinin quruluşu, səs düzümü, simlərinin sayı, diapazonu və sair xüsusiyyətləri haqqında ümumi təsəvvür yaradan məlumatlar toplanmışdır.

XVII, XVIII, XIX əsrlərdə Azərbaycanda mövcud olmuş musiqi alətləri barədə məlumatı Adam Olearinin, Engelbert Kempferin, Aleksandr Dümanın, Övliyə Çələbinin və başqalarının yol qeydləri və xatirələrindən əldə etmək olar. XIX əsrdə Azərbaycanda olarkən Şirvan musiqi məclislərini təsvir etmiş tanınmış rus rəssamı Q.Qaqarinin əsərləri bu sahədə parlaq təsəvvür yaradır.

Orta əsrlərdə Azərbaycanda simli-mizrablı alətlər geniş yayılmışdı. “Kitabi-Dədə-Qorqud” dastanında da musiqi alətlərinə dair məlumatlar var – burada qopuz, zurna, nağara kimi alətlərin adları çəkilmişdir. Orta əsrlərdən bəri Azərbaycanda kamança, qopuz, rübab, cəng, səntur, qanun, şeypur, ərcənum (nəfəsli), təbil, nağara, dəf, dümbək (zərb) kimi musiqi alətlərindən geniş istifadə edilməkdədir.

Bu dəfə saz alətində bəhs edəcəyik. Qədim çalğı alətimiz olan saz bu gün məclislərimizin yaraşığıdır. El şənliklərimizi saz olmadan təsəvvür etmək mümkün deyil. Sazdan aşıqlar istifadə edir.

Saz adını “sazlamaq” sözündən götürmüşdür. Saz aləti ifa olunma üsulu, köklənmə prinsipi, tembr özəlliyi, zərif cingiltili səslənməsi və s. xüsusiyyətlərinə görə digər musiqi alətlərindən seçilir. Bu milli çalğı alətimizin uzun bir tarixi inkişaf yolu vardır. Saz eyni zamanda Oğuz türklərinin müqəddəs musiqi aləti olan qopuzun xələfi hesab olunur. Qopuz-saz transformasiyası nəticəsində sazın çanağı böyüdülmüş, qol hissəsi uzadılmış, simləri və pərdələri artırılmaqla yanaşı, başqa materiallarla əvəz edilmişdir. Bu gün də bu çalğı alətindən Azərbaycanda geniş istifadə olunur.

Tarixi qaynaqlardan məlum olur ki, saz adından əvvəl XIV-XV yüzilliklərdə ara mərhələyə kimi çağır (çoğur, çukur) adından da istifadə olunmuşdur.

Xatırladaq ki, əvvəllər “saz” termini bütövlükdə musiqi alətləri toplusu anlayışını ifadə edirdi. Xətayinin, İsgəndər Münşinin, digər o dövr şair və tarixçilərin əsərlərində isə “saz” termini məhz aşığın çaldığı musiqi alətini nəzərdə tutur.

Saz, ulu ozan sənətinin davamçısı olan aşıq və saz-söz sənətinin ayrılmaz tərkib hissəsidir.

Saz eyni zamanda türk dünyasının, türk mənəviyyatının rəmzlərindən biridir. Sinkretik, yəni özündə çalğı, oxuma, şeir demə, söz və dastan ifaçılığı, aktyorluq və rəqs (plastika) sənətlərini birləşdirən saz-söz sənəti, muğam sənəti ilə yanaşı, Azərbaycan milli mədəniyyətinin ən əski qatları ilə bağlıdır. Qədim türkdilli xalqlarda şaman, qam, oyun, baxşı, yanşaq, varsaq və nəhayət, ozan kimi tanınan sənətkarlar bugünkü aşığın əcdadları sayılırlar. Ozan sənəti yüzilliklər və minilliklər boyu böyük təkamül yolu keçərək aşıq sənətinə çevrildiyi kimi, qopuz da ona oxşar təkamül yolu keçərək saz aləti şəklini almışdır.

Saz artıq Şah İsmayıl Xətainin dövründə (XVI əsr) indiki şəklini almışdı. Şah İsmayıl Xətainin könül oxşayan qoşmalarının birində saz belə tərənnüm edilir:

Bu gün ələ almaz oldum mən sazım
Ərşə dirək-dirək çıxar mənim avazım.
Dörd iş vardır hər qarındaşa lazım:
Bir elm, bir kəlam, bir nəfəs, bir saz.

Azərbaycan sazı türkdilli xalqlar arasında yayılmış saz və ona oxşar alətlərdən çalğı texnikası, səsyayımı (akustikası) baxımından danılmaz üstünlükləri ilə seçilir.

Azərbaycanın qədim nəfəs alətlərindən biri də balabandır. El arasında ona “yastı balaban”, “balaman”, “mey” də deyilir. Bu alətin adı “bala” (kiçik), “ban” (xoruz səsi) sözləri ilə bağlıdır və “kiçik, erkən ban” mənasını verir. Yumşaq və həzin səsə malik balabandan ansambl və orkestrdə, həmçinin solo aləti kimi də istifadə edilir.

Balaban ərik, qoz, tut və ya armud ağacından hazırlanır. Uzunluğu 28-30 santimetr olur və üzərində səkkiz dəlik açılır. Balabana qarğıdan hazırlanmış müştük taxılır və onun üzərinə keçirilmiş xamıt (qısqac) vasitəsilə alətin səsi nizamlanır. Ağsulu yastı balaban ustası Əli Kərimov çağdaş Azərbaycan zurna-balaban məktəbinin yaradıcısı hesab olunur.

Məşhur balaban ifaçısı Əlixan Səmədov isə tarixi kökləri altıncı əsrə gedib çıxan bu milli musiqi alətini Türkiyədə də sevdirə bilib. O, “Balaban metodu” adlı kitabın müəllifidir.

Azərbaycanın məşhur bəstəkarlarının – Üzeyir Hacıbəylinin “İkinci fantaziya”, Müslüm Maqomayevin “Azərbaycan çöllərində”, Hacı Xanmmədovun “Simfoniyetta” və bir sıra digər əsərlərdə balabanın solo ifasına geniş yer ayrılıb.

Azərbaycan folklorunda balabana aid bayatı da var:

Əzizim balabanı,
Asta çal balabanı.
Hamının balası gəldi,
Bəs mənim balam hanı…

Bəzən aşıqların ifası da balabanla müşayiət edilir.

Cavid
Yazı “Folklor və Musiqi İrsini Təbliği” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Aşıq sənətində gənclik və sənətin gələcəyi” layihəsi çərçivəsində hazırlanıb

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »