Aşıq yaradıcılığı böyük mədəniyyətin nümunəsidir

0

Azərbaycan xalqının bədii təfəkkürünün parlaq və zəngin, yüzilliklər boyu keçilən inkişaf yolunun məhsulu olan, rəngarəngliyi ilə sevilən, seçilən aşıq sənəti ədəbiyyat və incəsənət xəzinəmizin qiymətli incilərindən olub, öz mahiyyəti etibarilə həmişə xalq həyatına yaxınlığı ilə seçilib, xalqın gündəlik mübarizəsi və mənəviyyatı ilə vəhdət təşkil edib. Poeziyanı, musiqini, rəqsi, ifaçılığı özündə cəmləşdirən bu incəsənət növünün orijinallığı və sadəliyi onu xalq arasında sevdirib.

Milli Məclisin deputatı filologiya üzrə elmlər doktoru, akademik Nizami Cəfərov deyib ki, aşıq yaradıcılığı xalqımızın mədəniyyətini dərin türk köklərinə bağlayan yaradıcılıqdır. Ona görə də Azərbaycan aşıq sənətinin öyrənilməsi, təbliği, dünyaya tanıdılması mədəniyyətimizin qarşısında duran vəzifələrdəndir: “Fərəhləndirici haldır ki, son zamanlar bu iş ardıcıl şəkildə, elmi əsaslarla, yüksək səviyyədə aparılır. Zəngin mədəni irsimizin tərkib hissəsi olan aşıq sənətinin təbliği həm xalqımızın mənəvi təkamülünə, həm də dünya mədəniyyətinin bu sənət inciləri ilə zənginləşməsinə xidmət edir”.

O, qeyd edib ki, aşıq yaradıcılığı böyük mədəniyyətin nümunəsidir. Aşıq sənətinin ən mühüm və başqa sənətlərdən fərqli cəhətlərindən biri də onun çoxtərəfli yaradıcılıq imkanlarıdır. Burada söz sənəti, musiqi, rəqs elementləri və ən nəhayət, ifaçılıq var:

“Tədqiqatlar, araşdırmalar da göstərir ki, aşıq sənətinin türk dünyasında – ozan sənətini çıxmaq şərtilə – ən çox inkişaf elədiyi məkan Azərbaycandır. Digər yandan, Azərbaycan aşıq sənəti heç vaxt dar bir məkana qapılıb qalmayıb. Bütövlükdə regionun, yerləşdiyimiz coğrafiyanın problemləri ilə bağlı fikirlər burada öz əksini tapıb. Misal üçün, aşıq sənətində olan realizm bu sənətinin yarandığı dövrün yazılı ədəbiyyatında yoxdur. Aşıq sənəti yaranıb formalaşdığı dövrün xüsusiyyətlərini özündə daşıyıb, dövrün tarixi ilə sıx bağlı olub.
Sonrakı dövrlərdə aşıq sənətinin çox ciddi problemləri olub. Xüsusilə də sovet dövründə aşıq sənəti həddindən artıq ideologiyalaşdırıldı. Aşıqlar sosializm, dünya kommunizm hərəkatından danışmağa başladılar. Beləliklə, aşıq sənətində bir az sünilik yarandı. Doğrudur, aşıq yaradıcılığı həmişə müasirdir, dövrün reallıqlarına, baş verən proseslərə laqeyd qalmır.
Söz qoşmaq, yaradıcılıq imkanları əvvəlki illərlə müqayisədə məhdudlaşıb. Bu sahədə zəif əsərlər yaranır”.

Professorun fikrincə, Azərbaycan aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınması onun dünyada daha geniş təbliğinə imkanlar yaradacaq. Aşıqlar Birliyinin yaranması, Azərbaycanın müxtəlif yerlərində tanınmış aşıqların ev-muzeylərinin, mədəniyyət mərkəzlərinin, musiqi məktəblərinin yaradılması aşıq sənətinə verilən yüksək qiymətdir. Eyni zamanda, Mədəniyyət və Turizm Nazirliyinin xəttilə aşıqların disklərinin hazırlanması da bu sənətin inkişafına verilən dəstəkdir:

“Düşünürəm ki, işlər bundan sonra da davam etdiriləcək. Aşıq sənətində bizim istedadlı gənclərimiz var. Bir-birindən zəngin olan, özünəməxsusluğu ilə fərqlənən aşıq məktəblərimiz var. Borçalı, Qazax-Tovuz-Şəmkir, Gədəbəy, Şirvan, Cənubi Azərbaycan aşıq məktəbləri daim öz adları ilə seçilib. Yəni bu gün aşıq sənətini təbliğ etmək çox böyük işdir. Bu iş də ardıcıl, sistemli şəkildə aparılır”.

Yeri gəlmişkən, aşıq sənəti peşəkar sənət növü olub, ustad aşıqlardan şagirdlərinə şifahi mənimsəmə yolu ilə nəsildən-nəslə ötürülür. Bu yolla müxtəlif ərazilərdə aşıq məktəbləri formalaşmış, aşıq mühitləri yaranmışdır. Göyçə, Borçalı, Təbriz, Urmiya, Tovuz-Qazax, Gədəbəy, Şirvan aşıq məktəbləri öz qədim ənənələrini nəsildən-nəslə ötürərək, bu günümüzə çatdırmışlar. Aşıq və muğam sənətləri arasında üzvi bağlılıq özünü büruzə verir. Tarixi inkişaf prosesində bu iki sənət qarşılıqlı əlaqədə olmuş, biri-digərinə təsir göstərmişdir. Aşıqların oxuduqları havalarda muğamlardan istifadə olunması, eyni zamanda, xanəndələrin repertuarına aşıq havalarının daxil edilməsi, aşıq havaları əsasında zərbi-muğam janrının meydana gəlməsi bu iki sənət arasındakı qarşılıqlı əlaqələrin dərinliyini sübut edir.

Cavid
Yazı “Folklor və Musiqi İrsini Təbliği” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Aşıq sənətində gənclik və sənətin gələcəyi” layihəsi çərçivəsində hazırlanıb

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »