“Qızıl Xaç”dan hüquqa hörmət etməyi gözləyirik

0

Beynəlxalq Qırmızı Xaç Komitəsindən beynəlxalq hüquqa hörmət etməyi gözləyirik.

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Azərbaycan Respublikası ərazisində yerləşən nümayəndəliyinin hüquqi statusu haqqında 1996-cı il iyulun 29-da Azərbaycan hökuməti ilə Bakıda imzaladığı Sazişin 9-cü maddəsinin 13-cü yarımbəndinə əməl etməli, qanunsuz olaraq Xankəndində yaratdığı ofisinin Bakıdakı nümayəndəliyinə tabe olunmasını təmin etməlidir. Bu yarımbənddə deyilir ki, “nümayəndəliyin üzvləri Azərbaycan Respublikasının qanun və qərarlarına onların dövlətin ərazisində qüvvəyə mindiyi vaxtdan hörmət etməyi öhdələrinə götürür”.

Lakin anlaşılan odur ki, BQXK 2000-ci ildə rəsmi Bakı ilə razılaşdırmadan Xankəndində ofisini qanunsuz olaraq açmaqla və onu İrəvan ofisinə tabe etdirməklə, həm qeyd olunan Saziş üzrə öhdəliyini, həm də beynəlxal hüquq normalarını kobud şəkildə pozub və bir növ Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalı legitimləşdirməyə çalışıb.

Mən bu qurumun Azərbaycandakı digər fəaliyyəti (mənfi və ya müsbət), bizim minlərlə müharibə qurbanları ilə bağlı ona olan gözləntiləri doğrultmaması barədə yazmaq istəmirəm, çünki bu haqda mətbuatda kifayət qədər materiallar tapmaq mümkündür və onları təkrarlamağa ehtiyac görmürəm.

Lakin özünü müstəqil, qərəzsiz və tərəfsiz təşkilat adlandıran BQXK-nin 23 ildir, xüsusilə, 44 günlük II Qarabağ müharibəsindən, yəni, Azərbaycanın ərazi bütövlüyünü təmin etdikdən sonra rəsmi Bakının və ölkə ictimaiyyətinin çağırışlarına rəğmən, hələ də Xankəndi ofisinin statusunu ölkəmizin Konstitusiyasına və qanunlarına uyğun dəyişməməsini və bu ofisi Bakıdakı nümayəndəliyinə tabe etdirməməsini dözülməz hal hesab edirəm.

Ümid edirəm ki, BQXK BMT-nin Nizamnaməsi və digər sənədlərdə əks olunan beynəlxalq hüquq normaları və prinsiplərinə, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət edərək, gec də olsa, öz səhvini düzəldəcək, Azərbaycan Respublikasının Prezidentinin, hökumətinin, parlamentinin və ictimaiyyətinin haqlı çağırışlarına qulaq asaraq, tezliklə Xankəndi ofisinin Bakıdakı nümayəndəliyinə tabe olunmasını təmin edəcəkdir.

Bu addımı atmaqla BQXK həm regional sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, həm də Qarabağdakı erməni sakinlərin reinteqrasiya prosesinə, onların qanuni maraqlarının etibarlı təminatına və humanitar sahədə problemlərin yaşanmamasına ciddi töhvə vermiş olacaqdır.

İndi Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycana qarşı yol verdiyi səhvlərin aradan qaldırmasının, bundan sonra ölkəmizə münasibətdə nə qədər neytral, tərəfsiz və qərəzsiz ola biləcəyini sübut etməsinin vaxtıdır!

​​​​​​Azay Quliyev
Milli Məclisin deputatı

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »