İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi

0

Müzəffər ordumuz Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yeni tarixini yazdı. Bu gün bütün Azərbaycan gəncləri cənab Prezidentin ətrafında bir yumruq kimi sıx birləşərək ona öz dəstəklərini ifadə edirlər. Azərbaycan gəncləri həm ön cəbhədə, həm də arxa cəbhədə – informasiya müharibəsində də düşmənin layiqli cavabını verdilər.
Cənab Prezident də həmişə Azərbaycan gəncliyinin şücaətindən, mərdliyindən bəhs edib. O gənclik ki, ürəyi Azərbaycanla döyünür, o gənclik ki, Vətən, torpaq uğrunda canını fəda verib.

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində deyib ki, İkinci Qarabağ müharibəsindəki Qələbə isə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Bu Zəfər Azərbaycan durduqca qalacaq, bizim qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə.

Dövlətimizin başçısı deyib ki, bu, qəhrəmanlıq dastanıdır, bu, misli görünməmiş qəhrəmanlıqdır. İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. Bizi qabağa aparan məhz bu idi.

O bildirib ki, gənc nəsil milli-mənəvi dəyərlərə bağlı olmalıdır, öz ədəbiyyatına, musiqisinə, incəsənətinə bağlı olmalıdır və biz bunu görürük, biz gəncləri belə yetişdiririk.

Dövlətimizin başçısı deyib: “Elə gənclər yetişdirmişik ki, bu gənclər dağı dağ üstə qoya bilər və əslində, bunu da etdilər. Biz elə bir gənc nəsil yetişdirdik ki, onlar həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyətlər göstərərək, uzun illər ərzində işğal altında olan torpaqları azad etdilər və Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etdilər”.

Professor Habil Məmmədov İkinci Qarabağ müharibəsində gənclərimizin şücaəti dən bəhs edərək deyib ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər: “Dövlətimizin başçısı İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağmızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı. Dövlətimizin başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında gənclərin milli ruhda tərbiyəsinin prioritet xarakter daşıdığını önə çəkərək partiyanın nəzdincə yeni yaradılan Veteranlar Şurasının bu işə böyük töhfələr verəcəyini xüsusi qeyd etmişdir. Ölkəmizdə təcrübə ilə gənclərin dinamizmi arasında vəhdətin yaradılması hər dövrün tələblərinə uyğun addımların atılmasına yol açır”.

Onun fikrincə, Azərbaycan gənci tariximizi yaxşı bilməlidir. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə yeni bir səhifəni- Zəfər Gününü yazdı. Hələ müharibəni şərtləndirən amillər, Azərbaycanın hərb təcrübəsi ilə bağlı kitablar yazılacaq, bu tarix dərsliklərdə xüsusi yer alacaq, gələcək nəsil bu tariximizlə qürur duyaraq artıq torpaqlarımızın işğalı deyil, işğaldan azad olunduğu günü qeyd edəcəklər.

44 günlük İkinci Qarabağ müharibəsində gənclərimizin göstərdiyi şücaət bir vətənpərvərlik məktəbidir. Bu məktəbi öyrənmək, şahidlərimizin xatirəsinə hörmətlə, qazilərimizə diqqət və qayğı ilə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur:

“Hər bir dövlət onda güclü olur ki, onun qüdrətli iqtisadiyyatı və güclü ordusu var. Azərbaycanın güclü orduya malik olması 44 günlük Vətən müharibəsində bir daha nümayiş edildi. Gənclərimizin bu gün dövlət başçısı İlham Əliyevin Fərmanı ilə hərbi xidmətə böyük ruh yüksəkliyi ilə getmələri də onlarda Vətən sevgisinin böyüklüyünün təsdiqidir. Xatırladaq ki, müstəqilliyimizin ilk illərində digər sahələr kimi, orduda da vəziyyət acınacaqlı idi. Hərbi çağırışdan yayınma halları geniş vüsət almışdır. Amma ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində əsaslı islahatlar aparıldı. İnsanların dövlətçiliyə və orduya inamı daha da artdı. «Vətən mənə oğul desə, nə dərdim» prinsipi gənclərimizin fəaliyyətinin əsasına çevrildi. 1993-cü ildən başlayaraq gənclər çağırış məntəqələrinə könüllü gedərək hərbi xidmət borclarını yerinə yetirməyə başladılar. Təbii ki, bu da gənclər arasında vətənpərvərlik tərbiyəsinin yüksəlməsi ilə bağlı idi. Bu gün hər çağırış gənclərin böyük vətənpərvərlik çoşquları ilə qarşılanır.

44 günlük İkinci Qarabağ müharibəsində dəmir yumruq kimi birliyimiz dünya səs saldı. Mübaligəsiz deyə bilərik ki, müzəffər ordumuzun əfsanəvi qəhrəmanlığı və modern döyüş bacarığını nümayiş etdirməsi bütün dünyada heyrətlə qarşılandı.Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpağımızı işğalçılardan azad etdi. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə uşaq olan insanlardı. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər. Gənclər bükülmüş belimizi dikəltdilər,mənfur düşmənin saxta mifini heç etdilər. Belə vətənpərvər, qəhrəman və professional gəncləri olan Vətən heç vaxt yenilməyəcək, daim öz şan-şöhrətini və qüdrətini qoruyub saxlayacaqdır! İnanırıq ki, vətənpərvər gənclərimiz mənfur düşməndən azad etdikləri müqəddəs torpaqların bərpa edilməsində və çiçəkləndirilməsində də, burada müasir infrastrukturun qurulmasında da böyük xidmət və rəşadət göstərəcəklər!”.

Beləliklə, Vətən müharibəsində gənclərimizin yüksək fiziki və mənəvi hazırlığı, vətənpərvərlik hissi əməldə sübut olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə rəşadətli Ordumuzun sıralarında gənclərimizin tarix yazması Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunda yetişməsinin təsdiqidir.

Cavid
Yazı “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Zəfər günü- Müqəddəs və tarixi həqiqətin bərpası” layihəsi çərçivəsində hazırlanıb

Leave A Reply

Your email address will not be published.

Tərcümə »