Mayın 17-dən 18-ə keçən gecə İsfahan şəhərinin Dəstgerd həbsxanası qarşısında edamlara etiraz edən vətəndaşlarla hökumət qüvvələri arasında qarşıdurma yaşanıb.
Bu barədə sosial media fəalları məlumat yayıb.
Vətəndaşlar etiraz aksiyalarında həbs edilən və Dəstgerd həbsxanasında saxlanılan Məcid Kazimi, Saleh Mirhaşimi və Səid Yəqubi Cəl adlı məhbusların edamı ilə bağlı qərarın icrasının dayandırılmasını tələb ediblər.
Həbsxana qarşısında izdiham yarandığı üçün hökumət qüvvələri yolları bağlayıb, etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, adı çəkilən məhkumların edamı ilə bağlı Beynəlxalq Əfv Təşkilatı mayın 17-də bəyanat yayaraq, beynəlxalq ictimaiyyəti Tehran hökumətinə təzyiq göstərməyə çağırıb.