“Biz nailiyyətimizi göz bəbəyimiz kimi qorumalıyıq”

0

Prezident İlham Əliyevin 9 Mayda bütün Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada Qarabağ, Zəfər, 8 noyabr, Atatürk, Heydər Əliyev və başqa küçələrin açılışını etməsi, məşhur Cıdır düzündə növbəti dəfə “Xarıbülbül” Festivalının keçirilməsi, türk dövlətlərinin mədəniyyət-incəsənət heyətlərinin Şuşadakı festivala qatılması dostlarımızı sevindirir, düşmənlərimiz üçün gözdağına çevrilir.

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq bütün ölkə miqyasında geniş silsilə tədbirlərin keçirildiyi bir məqamda Cənab Prezidentin məhz Şuşa şəhərindən xalqa müraciət edərək mühüm açıqlamalar verməsi xüsusi əhəmiyyət daşıyır. Dövlət başçımızın Şuşadan etdiyi bu müraciət ən yeni tariximizin bir sıra mürəkkəb məqamlarına aydınlıq gətirməklə yanaşı, həm də bilavasitə Ermənistan rəhbərliyinə ünvanlanmış mühüm mesaj kimi , Xankəndidə yaşayan mülki ermənilər və separatçılar üçün xəbərdarlıq kimi də diqqəti cəlb edir.

Cənab Prezident müraciətinin əvvəlində nəyə görə bu müraciətini məhz Şuşa şəhərindən səsləndirməsinin səbəbini açıqladı: “Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Bildiyiniz kimi, ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır”.

Bax, bu mesaj düşmənlərimizə də, dostlarımıza da Qarabağın, onun incisi sayılan Şuşanın əsl sahibinin kim olduğunu bir daha göstərdi, ermənilərin Şuşa ilə bağlı yaydığı bütün dezinformasiyaların cəfəngiyyatdan, tarixi həqiqətlərin təhrif olunmasından başqa bir şey olmadığını ortaya qoydu.

Dövlət başçımız müraciətində onu da qeyd etdi ki, İkinci Qarabağ müharibəsindən sonra biz dayanmadıq, əksinə, irəliyə gedirik. Çünki təhdidlər artır, təhlükələr artır və biz hər bir təhlükəni dəf etməyə qadir olmalıyıq, baş verə biləcək bütün təxribatlara daim hazır olmalıyıq. İlham Əliyev bu ismarıcıyla Ermənistan rəhbərliyinə də, Xankəndidəki separatçı yığınına da bundan sonra regionda Azərbaycanın maraqlarına zidd heç bir siyasi prosesə imkan verilməyəcəyini bəyan etdi. Bu ən önəmli məqamlardan biridir. Ona görə də Ermənistan rəhbərliyi gah Rusiya və İranın, gah da Fransanın təhriklərinə uyaraq revanşizmə can atmaq və təxribatlar törədərək sülh prosesini süni surətdə “dalan”a dirəmək əvəzinə, siyasi müdriklik nümayiş etdirməli, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində konstruktiv mövqe nümayiş etdirməlidir.

Prezident Şuşa çıxışında Ulu Öndərin Şuşa ilə bağlı arzusuna da toxundu: “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı”.

Bəli, qanımız yerdə qalmadı, Müzəffər Ordumuz şəhidlərimizin, müharibə qurbanlarımızın tökülən qanlarının qisasını aldı, torpaqlarımız düşmən tapdağından azad edildi. Bu gün Qarabağ dirçəlir, Şərqi Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Cənab Prezidentin də qeyd etdiyi kimi necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı – Qarabağın və Şərqi Zəngəzurun bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik. Bu baxımdan biz əcdadlarımızın xatirəsinə, şəhidlərimizin xatirəsinə, Ulu Öndərimizin xatirəsinə hörmət edərək 44 günlük Vətən müharibəsində qazandığımız Qələbəyə hər zaman layiq olmalıyıq. Dövlət başçımızın da vurğuladığı kimi bu Zəfər hər birimizin üzərinə əlavə məsuliyyət qoyur.

İl başlayandan Ulu Öndərin həyatı, fəaliyyəti ilə bağlı bir çox tədbirlərin keçirildiyini, müzakirələrin aparıldığını qeyd edən dövlət başçımız eyni zamanda, bu yubiley tədbirlərindən gələcəyə baxışı daha da dəqiqləşdirmək üçün istifadə etməli olduğumuzu da xüsusi olaraq vurğuladı. Bu mənada, Prezidentin Şuşa müraciəti bizim hamımız üçün “yol xəritəsi” sayıla bilər.

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində ölkəmizin müasir siyasi sisteminin məhz Heydər Əliyevin adı ilə bağlılığı məsələsinə də ayrıca olaraq toxundu. O, yaxın tariximizə qısa ekskurs edərək bildirdi ki, 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sisteminin yaranmasına səbəb olmuşdur. Çünki Yeni Azərbaycan Partiyası müxalifət partiyası – ovaxtkı antimilli iqtidara qarşı müxalifət kimi yaranmışdır. Və bu gün məhz Heydər Əliyevin qurduğu yeni siyasi və iqtisadi system sayəsində biz bütün azərbaycanlılar qürur hissi ilə qeyd edirik ki, biz sözün əsl mənasında, müstəqil ölkə kimi yaşayırıq.

Bəli, bu gün Azərbaycanda təhlükəsizlik tam təmin edilir, Azərbaycanda əmin-amanlıq hökm sürür, sabitlik davam edir. Faktiki olaraq dünyanın hər yerində müharibələrin, vətəndaş qarşıdurmalarının, lokal münaqişələrin hökm sürdüyü bir məqamda Azərbaycan isə sözün əsl mənasında sabitlik adasıdır, təhlükəsizlik adasıdır. Bu da böyük nailiyyətdir və biz bu nailiyyətimizi göz bəbəyimiz kimi qorumalıyıq. Milli müstəqilliyimizi, dövlət müstəqilliyimizi qorumalıyıq. Çünki müstəqillik ən böyük nemətdir, ən böyük sərvətdir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »