44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4 min 760, bu il üzrə 260, ümumilikdə ötən dövrdə 13 min 560 mənzil və fərdi ev təqdim olunub.
Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən MİDA-nın Hövsan Yaşayış Kompleksində və Abşeron, Şəmkir, Qazax, Gədəbəy, Tovuz, Ucar, Yevlax, Yardımlı, Balakən, Qax, Beyləqan, Sabirabad, Saatlı, Şəki, Tərtər rayonlarında 100 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.
Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev və nazirlik yanında İctimai şuranın sədri Elşad Məmmədov iştirak ediblər. A.Əliyev Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə sosial müdafiə sisteminin qurulması və inkişaf etdirilməsi sahəsində göstərmiş olduğu mühüm xidmətləri diqqətə çatdırıb.
Qeyd olunub ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlərlə təminatı proqramına da Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanılıb və bu tədbirlər ildən-ilə uğurla davam etdirilir.
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş sosial dəstək paketi icra olunur. Bu dəstək paketi çərçivəsində mənzil/fərdi evlə təminat proqramı da 5 dəfə genişlənib.
2021-ci ilin əvvəlindən Vətən müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin olunur. Bu gün təqdim edilən mənzil və fərdi evlər də daxil olmaqla 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4 min 760, bu il 260, ümumilikdə ötən dövrdə isə 13 min 560 mənzil və fərdi ev verilib.
Dövlət başçısının tapşırığına əsasən 2023-cü ildə də ən azı 1500 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlarımıza veriləcək.
Yeni mənzil və fərdi evlərlə təmin edilən vətəndaşlar daim dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.