Ümummilli Lider ömrünün sonuna qədər andına sadiq qaldı

0

Müasir Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. XX əsrin sonlarında öz müstəqilliyini yenidən bərpa etmək fürsətini qazanan Azərbaycan iki ildən sonra onun itirilməsi təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqın səsinə səs verən Ulu Öndər əsl xilaskarlıq missiyasını öz üzərinə götürdü. Böhranlı dönəmdə ikinci dəfə hakimiyyətə qayıdan Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edildi.

Bu sözləri deputat Kamaləddin Qafarov söyləyib.

“3 oktyabr 1993-cü il tarixi Azərbaycanın inkişaf tarixində yeni səhifənin açıldığı gündür. Məhz həmin gün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi Ölkə Prezidenti seçməklə dövlətimizi qurtuluşa aparan yolun ilk pilləsinə qədəm qoydu. Ümummilli Lider ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edərək respublikanı sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini bütün dünyaya nümayiş etdirdi. Ulu Öndər andiçmə mərasimindəki nitqində demişdir: “Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Bu andına ömrünün sonuna qədər sadiq qalan Ümummilli Lider Prezident kimi fəaliyyətinin ilk günlərindən ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış və nəticə olaraq qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir”, – deputat deyib:

“Ordu dövlətin suverenliyini və ölkənin ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun ən mühüm tərkib hissələrindən biridir. Heydər Əliyev 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail olmaqla, bugünkü qüdrətli ordumuzun formalaşmasına əvəzsiz töhfə vermiş oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına yol açdı. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə hərbi sahədə mühüm irəliləyişlər əldə olundu. 1994-cü ilin may ayının 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs əldə olunduqdan dərhal sonra Azərbaycanda Milli Ordusunun formalaşdırılmasına start verildi. Ordu quruculuğu işinə hər zaman böyük həssaslıq və xüsusi diqqətlə yanaşan Ulu Öndər 1998-ci il may ayının 22-də Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün – 26 iyun tarixinin Azərbaycanda Silahlı Qüvvələr Günü elan olunması barədə Sərəncam imzaladı”, – K.Qafarov daha sonra bildirib.

Deputat Qafqazın ən böyük siyasi partiyasının yaradıcısının məhz Ulu Öndər Heydər Əliyev olduğunu da diqqət mərkəzinə çəkib:

“Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranmışdır. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti 2003-cü ildən layiqincə davam etdirən Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar möhtərəm dövlət başçımızın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi tarixi Qələbənin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu gün Ulu Öndərin görmək istədiyi güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan Heydər Əliyev irsi əsasında inkişaf yolunda inamlı addımlarla irəliləyir”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »