İrəvanla hansı “kompromis” ola bilər ki?! – Ekspert

0

Ermənistan mətbuatında Vaşinqtonda gedən danışıqlar haqqında verilən xəbərlər qismən həqiqəti əks etdirir. Çünki Azərbaycan öz ərazi bütövlüyünə zidd olan heç bir sənədə imza atmayacaq. Lakin belə xəbərlərin verilməsindəki əsas məqsəd əhalini qızışdırmaq və Paşinyan hakimiyyətinə qarşı qaldırmaqdır.

Bu sözləri Axar.az-a açıqlamasında Ermənistan mətbuatında Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçıları arasında davam edən görüşlər barədə verilən məlumatlar haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib.

Siyasi şərhçi ölkəmizin öz qələbəsi ilə yeni geosiyasi reallıq yaratdığını, güzəştin olmayacağını qeyd edib:

“Hraparak” kimi mətbuat orqanları rusmeyilli olduğu üçün belə xəbərləri daha çox cəmiyyəti qıcıqlandıracaq şəkildə yayır. Ermənistandakı Qarabağ klanı yenidən hakimiyyətə gəlmək istəyir və bunların söykəndiyi baza isə separatçılar, ordu içərisindəki müəyyən adamlar, bir də Rusiyadır. Bəhs etdiyimiz media Vaşinqtondakı danışıqlarla bağlı Qarabağdakı ermənilərin gələcəyinə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində baxıldığını qabartmaqla Paşinyanı hədəfə qoyur. Məqsəd informasiya vermək yox, Ermənistanda iqtidarın “xəyanəti” haqqında cəmiyyəti aldatmaqdır. Paşinyan isə əks-həmlə olaraq onu ittiham edənlərin bundan öncə Madrid prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirib. Bu, Kazan görüşlərində və Lavrov planında da dəyişməyib. Müxalifət əvvəllər irəli sürülən Qarabağdakı ermənilərə özünü idarəetmə hüququnun verilməsi məsələsini yenidən gündəmə gətirə bilər. Lakin bütün bunlar üçün artıq çox gecdir, çünki Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbəsi ilə yeni geosiyasi reallıq yaradıb. Milli-mədəni hüquqları Azərbaycan Konstitusiyası çərçivəsində qorumağı isə dövlətimiz çoxdan üzərinə götürüb. Əgər müharibə olmadan sözügedən prinsiplər əsasında sülh imzalansa idi, hansısa kompromislərdən söhbət gedə bilərdi. İndi isə Ermənistanın təsəvvür etdiyi “kompromis” olmayacaq!”

Leave A Reply

Your email address will not be published.

Tərcümə »