Güllələnən deputat Prezidentin İranla bağlı çıxışını DƏSTƏKLƏDİ

0

Mayın 3-də Şuşada keçirilən beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev digər aktual mövzularla yanaşı, İranla münasibətlərdən də danışıb. Dövlət başçısı Azərbaycanın İran və Ermənistan arasındakı münasibətlərdən o qədər də razı olmadığını bildirib.

“Siyasətçi olaraq anlayırıq ki, hər ölkənin xarici siyasətində prioritetlər var. İran və Ermənistan qonşudurlar. Azərbaycanda bir çox insanlar gözləyirdilər ki, işğal vaxtında Türkiyənin, Səudiyyə Ərəbistanının, Pakistanın göstərdiyi kimi eyni münasibət olsun. Əslində, həmin ölkələr işğal səbəbindən Ermənistanla heç diplomatik münasibətlər qurmayıblar. Beləliklə, mən, sadəcə, Azərbaycanda xalqın düşündüyünü qeyd edirəm. İnsanlar hesab edirdilər ki, İranın da həmin üç ölkə sırasında olması, həmrəyliyi nümayiş etdirməsi daha təbii olardı. Xüsusən də qeyd edək ki, Ermənistan İran ərazisindən daşımalar, eləcə də hərbi sursat və avadanlığın daşınması üçün fəal şəkildə istifadə edirdi”, – İlham Əliyev deyib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan ilə İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər aşağı səviyyədədir: “Azərbaycan ilə İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir və onların həmin səviyyədə qalacağı, yoxsa daha aşağı düşəcəyi və ya qalxacağı barədə əvvəlcədən bir şey söyləmək çox çətindir”.

“İranda hər kəs, bütün dairələr anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək”, – deyən Prezident Tehrandakı səfirliyimizə edilən silahlı hücumdan və deputat Fazil Mustafaya qarşı sui-qəsd olayından söz açıb:

“Azərbaycanın parlament üzvünün birinə qarşı terror aktı törədildi və xoşbəxtlikdən Allah onu qorudu. O, sağ qaldı. Yenə də “Kalaşnikov” avtomatından ikimetrlik məsafədən altı dəfə atəş açıldı. O, ciddi şəkildə yaralandı. Bir neçə gündən sonra həmin qrup yaxalandı. Bizim hüquq-mühafizə qurumlarımız çox səmərəli işləyir. Biz gizləndiyi yerdən asılı olmayaraq, hər kəsi tapıb, məsuliyyətə cəlb edə bilirik. Onlar artıq “Kalaşnikov” avtomatını gizlətdiyi yeri də söylədilər, silah tapıldı. Bütöv dəstə ifşa edildi və ifadə verdilər ki, onlar göstərişləri İrandan alıblar. Bu əməl “qırmızı xətti” keçmək deməkdir. Bu, ciddidir, terror hesab edilir. Hesab edirik ki, bu terror hökumət səviyyəsində təşkil olunub”.

Səfirlikdə törədilən terror aktına gəlincə, İlham Əliyev deyib: “Səfirliyimizə hücum diplomatlarımızı və onların ailə üzvlərini qətlə yetirmək məqsədilə qəsdən təşkil olunmuş terror aktı idi. Çünki həmin binada nəinki bizim səfirliyimiz, o cümlədən ailələrin yaşadığı mənzillər də yerləşir. Bir sıra ölkələrdə bizim təhlükəsizlik əməkdaşlarımız var, lakin yalnız İranda onlara silah gəzdirməyə icazə vermirlər”.

Prezidentin haqqında bəhs etdiyi deputat Fazil Mustafa Şuşadan İrana verilən mesajları Modern.az-a şərh edib. O söyləyib ki, dövlət başçısı Şuşada keçirilən beynəlxalq konfransda bütün ekspertlərin suallarına tutarlı cavab verib.

“Hətta 907-ci düzəlişlə bağlı olduqca ironiyalı formada ABŞ siyasətinin taraz olmadığını, müəyyən ədalətsizlik parametrinin nə dərəcədə böyük olduğunu müqayisəli formada təqdim etdi. Prezident İran məsələsinə də toxunanda bunun əsas səbəbinin qarşı tərəfin olduğunu diqqətə çatdırdı. Azərbaycanın İranla deyil, İranın Azərbaycanla problemi olduğunu, İranın ölkəmizin düşmənlərinə dəstək vermə siyasətini yürütdüyünü söylədi”, – deyə palamentari bildirib.

F.Mustafa vurğulayıb ki, İranla Ermənistan eyni zehniyyətə malik olan ölkələrdir:

“Prezident İlham Əliyev Ermənistanla İran arasında olan münasibətləri iki militarist və qeyri-humanist dövlətin birləşməsi kimi qiymətləndirdi. Yəni bu iki faşist simptomunu daşıyan dövlətlərin birləşməsinin bölgədə müharibə riskini artırdığını diqqətə çatdırdı. Həmçinin İranın apardığı siyasətə görə, əlaqələrin çox aşağı səviyyəyə düşdüyü bildirildi”.

“Ermənistan işğalçı xarakterdə olan dövlətdir. Tək işğalla kifayətlənməyib, başqa xalqları sevməmək və qətlə yetirmək zehniyyəti daşıyan millətin dövlətidir. İran da eyni zehniyyətə malikdir. İran terror və vəhşiliyi təqdir edən ölkədir. İlham Əliyev bu iki dövlətin zehniyyət birliyinin nə qədər narahatedici olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bu, olduqca önəmli mesajdır. Prezidentin açıqlamaları bütövlükdə İran üçün də düşünməyə ciddi əsas verir ki, münasibətlərin bərpa olunması istiqamətində hansı addımlar atılmalıdır. Səfirliyimizə qarşı törədilən hadisələr göstərdi ki, İran terroru dəstəkləyən və təşviq edən ölkədir”, – deputat əlavə edib.

Xatırladaq ki, martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Hadisədən bir neçə gün sonra keçirilən xüsusi əməliyyat nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »