TDQB-nin Təşkilat Komitəsinin üzvləri İqtisadiyyat Nazirliyində olublar

0

Qonaqları salamlayan İqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov bildirib ki, türk dövlətlər arasında əməkdaşlığın genişləndiyi, keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu bir dövrdə Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis olunması mühüm addımdır. İqtisadiyyat naziri Mikayıl Cabbarovun salamlarını çatdıran nazirin müşaviri qeyd edib ki, qiymətləndirmə iqtisadiyyatının dinamik inkişaf edən fəaliyyət sahələrindən biridir: “Müxtəlif fəaliyyət növlərinin nəticələrinin, onların səmərəliliyinin, investorların müxtəlif risklərlə üz-üzə qalmalarının, eləcə də yekun nəticələri təmin edən resursların kompleks göstəricisi kimi qiymətləndirmənin əhəmiyyəti olduqca böyükdür. Azərbaycanda bazar münasibətləri inkişaf etdikcə, qiymətləndirmə fəaliyyəti üzrə biliklərin genişlənməsinə də tələbat artır”.

Türk dövlətlər arasında iqtisadi münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini söyləyən nazirin müşaviri Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin fəaliyyətindən böyük gözləntilər olduğunu diqqətə çatdırıb: “Əminik ki, türk dövlətlər arasında münasibətlərin inkişafına qiymətləndiricilər də öz vacib töhfəsini verəcək” – Əsgər Ələkbərov vurğulayıb.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Təşkilat Komitəsinin kordinatoru Vüqar Oruc səmərəli görüş üçün şərait yaratdığına görə, İqtisadiyyat Nazirliyinə minətdarlığını bildirib. “Cənab nazir Mikayıl Cabbarova və nazirliyin məsul şəxslərinə Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin fəaliyyətinə maraq göstərdiyinə görə, təşəkkür edirik” deyən Vüqar Oruc “Türk Dövlətləri Qiymətləndiricilərinin Zirvə Görüşü” barədə məlumat verib. Qeyd edib ki, ötən ilin may ayında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri seçildikdən sonra Türkiyəyə işgüzar səfər edib. Səfər çərçivəsində Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti və Türkiyə Dəyərləmə Uzmanları Birliyi arasında Anlaşma Memorandumu imzalanıb. Türk dövlətlərin qiymətləndiriciləri arasında əməkdaşlığın qurulması barədə razılıq əldə olunub. Bundan sonra bu istiqamətdə fəaliyyətə başladıqlarını söyləyən V.Oruc Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Təşkilat Komitəsinin yarandığını və iyun ayında Qazaxıstanın Türküstan şəhərində təsis yığıncağı keçirəcəklərini bildirib. Əlavə edib ki, Bakıda keçirilən “Türk Dövlətləri Qiymətləndiricilərinin Zirvə Görüşü” türk ölkələrin qiymətləndiriciləri arasında ilk rəsmi və canlı təmasdır.

Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci türk dövlətlərin qiymətləndiriciləri arasında əməkdaşlığın gələcək perspektivləri barədə məlumat verib. O bildirib ki, təcrübə və kadr mübadiləsi, birgə təlimlər, vahid məlumat reyestrinin formalaşdırılması, milli qiymətləndirmə standarlarının tətbiqi və digər xüsuslarda fəal əməkdaşlıq nəzərdə tutulub. Türkiyə və Azərbaycan prezidentləri – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin türk dövlətlər arasında münasibətlərin inkişafına misilsiz töhfələr verdiyini diqqətə çatdıran Bahçeci türk dünyası qiymətləndiriciləri olaraq türk dünyası liderlərinin səylərinə qoşulmaq və türk ölkələr arasında səmərəli iqtisadi əməkdaşlığa nail olmaq üçün belə bir qərar verdiklərini diqqətə çatdırıb.

Görüşdə qonaq qismində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc, Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci, Qazaxıstan Banklar Assosiasiyasının vitse-prezidenti Marat Baytokov, Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nargiza Mirzaraximova, Qırğızıstan Qiymətləndiricilər İttifaqının sədri Sovetbek Zakirov, Türkiyə Dəyərləmə Uzmanları Birliyinin İdarə Heyətinin üzvü Emrullah Acar, Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin direktoru Farxod Mirsoatov, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavinləri Ramil Osmanlı və Fərid Rüstəmov, İqtisadiyyat Nazirliyi tərəfindən isə İqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov, Ərazilərin bərpası və inkişafı şöbəsinin müdir müavini İlkin Şamilov, Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin sektor müdiri Mülayim Axundova, şöbənin əməkdaşı Təbrik Babayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri Səbuhi Qəhrəmanov, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz əmlakın qiymətləndirilməsi və qiymətləndirmə fəaliyyətinə nəzarət sektorunun müdiri Ayaz Hətəmov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdir müavini Elşən Həsənov iştirak ediblər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »