“Erkən nikah psixoloji aspektdə” – QHT növbəti verilişini hazırlayıb

0

“XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsildən yayınma, erkən nikah – yarımçıq qalan arzular” layihəsi çərçivəsində “Erkən nikah psixoloji aspektdə” mövzusunda Səs.tv-də təşkil olunan üçüncü verilişin qonağı psixoloq “Orvita Psixoloji Reabilitasiya Mərkəzi”nin psixoloqu Sevinc Osmanova olub.

Psixoloq bildirib ki, erkən nikahlar hər kəs tərəfindən birmənalı şəkildə mənfi qarşılansa belə, nəticələr onu göstərir ki, erkən nikahların baş verməsi problem olaraq qalır. Bu mövzuda isə ən diqqətçəkən məqam erkən yaşda evliliyə məcbur edilən xüsusən qız uşaqlarının psixoloji və ginekoloji sağlamlığıdır.

O, erkən nikahları insan həyatında psixoloji terror adlandırır. O qeyd edir ki, günümüzdə daha çox qız uşaqlarının erkən nikaha təhrik edilməsi cəmiyyətin mənəvi cinayətkarlığıdır.

Psixoloqun fikrincə, erkən və məcburi nikaha təhrik edilmiş uşaqların həyata baxışı müstəqil və yaradıcı deyil. İnsan həyatına mənəvi terrorun edilməsi köləlik psixologiyasıdır. Onun fikrincə, “konservativ ailələrdə qız uşaqlarına “evdə qalacaqsan”, “bəxtin bağlanıb”, “yaşın keçir”, “ailə qur və uşaq dünyaya gətir” kimi psixoloji təsir ifadələri işlədilir. Alternativ seçimləri olmayan qız uşaqları valideynlərinin qərarlarına qarşı çıxa bilmirlər. Ailə qurandan sonra da müxtəlif fikirlər psixoloji təsir kimi fərqli formada ifadə edilir: “Psixoloji təzyiq öz mahiyyətini dəyişmir. Erkən nikah uşaqların uşaqlıqlarını əlindən alır, həmyaşıdlarından uzaqlaşdırır, təhsil həyatını yarımçıq saxlayır və gələcəkdə həmin uşaqlar şəxsiyyət kimi formalaşmırlar. Erkən evliliyə təhrik edilmiş qız uşaqları hər cür istismarla qarşılaşırlar. Fiziki və psixoloji hazır olmadan, evlilik həyatına başlayan xanımlar şiddət və cinsi zorakılığa məruz qalırlar. Təhsilsiz və sosial fəallığı olmayan xanımlar məruz qaldığı bütün fiziki və psixoloji şiddətlə mübarizə apara bilmirlər.”

Qeyd edək ki, layihə 3 ay nəzərdə tutulub və apreldə yekunlaşacaq.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »